Sizin reklam burada
Sizin reklam burada
  • İRƏLİLƏMƏK ÜÇÜN ÇOX DƏQİQ FƏALİYYƏT PLANIMIZ VAR VƏ HƏR BİR LAYİHƏ KONKRET MƏZMUNLA ZƏNGİNDİR.



    İlkin Abbasov
    YAP Qax rayon təşkilatının sədr müavini:      


    Xüsusilə Vətən Müharibəsindən, yəni suveren ərazilərimizin bərpasından sonra cənab Prezident İlham Əliyevin apardığı düşünülmüş xarici siyasət sayəsində ölkəmiz regional güc kimi beynəlxalq platformalarda tamamilə başqa bucaqdan öz təmsilçiliyini ortaya qoydu. Belə ki, istər siyasi, istərsə də iqtisadi sahələrdə ölkəmiz artıq etibarlı tərəfdaş kimi tanınır, seçilir. Dünyanın bir çox güc mərkəzləri Azərbaycanla tərəfdaşlığın vacibliyini enerji təhlükəsizliyi, logistika, həmçinin qurduğu siyasi, hərbi və iqtisadi ittifaqların siyasi və hərbi ağırlığı prizmasından dəyərləndirmək və qəbul etmək məcburiyyətində qalır. Cənab Prezident düşünülmüş bu taktika və strategiyaların əhatə dairəsini gün keçdikcə genişləndirir. Əgər dünənə qədər ölkəmizə kolonial coğrafi məkan gözü ilə baxılırdısa, artıq bu gün maraqların toqquşduğu müstəvilərdə tarazlığı dəyişəcək rəqib, ya da tərəfdaş kimi yanaşılır.
    Avqustun 23-ü və 24-ü tarixlərində cənab Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfəri də, məhz bu konteksdən yanaşıldıqda, ölkəmizin gələcəkdə güc mərkəzinə çevrilməsi üçün müstəsna imkanlar vəd edir. Belə ki, bu səfər sadəcə siyasi, iqtisadi və ya mədəni maraqlara deyil, həm də atalarımızın, babalarımızın əsrlərlə sınaqdan çıxmış qardaşlığına söykənən, sağlam təməllər üzərinə qurulmuş, çox vacib tarixi pəncərənin əbədiləşdirilməsi üçün unikal imkandan ən doğru zamanda, ən doğru şəkildə istifadə imkanıdır.
    Səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı  imzaladıqdan sonra, dövlətlərimiz arasında siyasi, iqtisadi və hərbi sahələrdə qarşılıqlı əlaqələrin bünövrəsi atıldı. Yaxın gələcəkdə logistik inkişafa xidmət edəcək gömrük orqanlarının birgə fəaliyyətinin, sosial-iqtisadi çətinliklərin həllinə xidmət edəcək turizm, pensiya təminatı kimi məslələrin tənzimləndiyi imzalanmış sənədlər 1 milyard ABŞ dolları həcmində ticari dövriyyəni icra etməyə hüquqi və faktiki əsas yaradır. Prezidentlərin birgə mətbuatında cənab Prezident İlham Əliyev qarşılıqlı əlaqələrin potensialını, inkişaf istiqamətini bu sözlərlə vurğulamışdır: “Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir.”
    Göründüyü kimi Azərbaycanın Türk Dünyasında rolu danlmazdır və ölkələrimizin maraqlarının təmin edilməsi fonunda yüksələn məcrada sürətlə inkişaf edir, dosta qürur, düşmənə göz dağı verir. Türk Dünyası beynəlxalq müstəvilərdə sözünü deyəcək güc olma yolunda sürətlə irəliləyir və bu irəliləyiş Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin, yəni qardaşlarımızın və ölkəmizin yeganə pənah yoludur. Müharibələrdən, işğallardan, ölümlərdən vətənimizi qorumağın ən doğru yolu məhz bu istiqamətdədir. Cənab Prezident İlham Əliyevin də Türk Dövlətləri Təşkilatı haqqında dediyi kimi: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
                    


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ