Sizin reklam burada
Sizin reklam burada
  • Laçın Azərbaycanın ictimai, mədəni və beynəlxalq həyatında özünəməxsus yer tutan şəhər kimi yenidən formalaşır


    Mətanət Səfərli 

    YAP Nəsimi rayon təşkilatının əməkdaşı


    2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürdü. O vaxt Laçın sakinlərinin illərlə gözlədiyi müjdəli xəbəri Prezident İlham Əliyev rəsmi "Twitter" hesabında paylaşaraq, xalqımıza böyük sevinc bəxş etmişdi: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.Yaşasın Laçın! Yaşasın Azərbaycan!".


    Yada salaq ki, torpaqlarımızda qanunsuz məskunlaşan ermənilərin Laçından çıxarılmasından dərhal sonra quruculuq-bərpa işlərinə başlanılıb və qısa müddət ərzində böyük işlərə imza atılıb. Böyük Qayıdışı təmin etmək məqsədi ilə 2022-2026-cı illərdə dövlət proqramı qəbul edilib. Həmin proqrama uyğun olaraq həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonunda böyük işlər görülür. Bunların sırasında Laçın rayonunun şəhər mərkəzi, Zabux və Sus kəndləri ilə bağlı layihələr də vardı. Laçınlılar Prezident İlham Əliyevin atdığı addımları yüksək qiymətləndirir. İndi Laçında qismən dağıdılmış evlər, yollar və bütün infrastruktur yenidən bərpa edilir. Eyni zamanda Zabux və Sus kəndlərinin yenidən qurulması ilə bağlı Prezidentin tapşırığı uğurla yerinə yetirilir.


    Laçın rayonunun inzibati ərazisinə daxil olan Zabux kəndi Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib, mövqeyinə görə Zabox (Zabux) adlanıb. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən Sadmanlı kəndləri də həmin adla adlandırılıb. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zabux kəndi strateji bir ərazi olduğu üçün ermənilər həmin əraziyə Suriya və Livandan erməniləri köçürüblər. 2006-cı ilin statistikasına görə, kəndin əhali sayı 570 nəfər təşkil edib. Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasında yerləşən Sus kəndi də eyni aqibətlə üzləşib. Belə ki, adıçəkilən köçürmələrdən sonra kənddə 250 nəfər xaricdən gətirilmiş erməni məskunlaşdırılmışdı.


    “Böyük Qayıdış” Proqramı çərçivəsində laçınlı məcburi köçkünlərin doğma yurda mərhələli şəkildə qayıdışı təmin edilir. 2023-cü il mayın 28-dən başlayaraq Laçın sakinləri öz doğma yurdlarına dönməyə başlayıblar. Vaxtilə həsrətlə xatırlanan küçələr, evlər və yurd yerləri yenidən canlanır, Laçın əvvəlki əzəmətinə qovuşur. Şəhər artıq bir sıra yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edir, müxtəlif mühüm toplantıların, forumların və mədəni tədbirlərin keçirilməsi üçün əsas məkanlardan biri kimi seçilir. Bu, Laçının yalnız yaşayış məntəqəsi kimi deyil, Azərbaycanın ictimai, mədəni və beynəlxalq həyatında özünəməxsus yer tutan şəhər kimi yenidən formalaşdığını göstərir. Bu gün Laçında hər yeni küçə, hər yeni bina və hər qayıdan ailə Böyük Qayıdışın canlı təcəssümüdür.


    Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ