Sizin reklam burada
Sizin reklam burada
  • NAXÇIVAN SƏNAYE PARKININ TƏMƏLİ QOYULDU

    İlkin Abbasov
    YAP Qax rayon təşkilatının sədr müavini:

    11 avqust 2026 -cı il tarixdə cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri, ölkəmizdə aparılan iqtisadi siyasətin vacib bir hissəsi kimi önə çıxır. Belə ki, cənab Prezidenitin təşəbbüsü ilə ölkəmizdə qeyri neft sektorunun inkişaf etdirilməsinə, bu inkişafda regionlara aktiv kapital qoyuluşunun təşkilinə, kənd təsərrüfatının, aqrar sənayenin canlandırılmasına son illərdə xüsusi diqqət ayrılmışdır. Günümüzdə iqtisadi rəqabət imkanlarına sahib, iqtisadi dalğalanmalara immunitetli mikro iqtisadi subyektlərin gəlirli fəaliyyəti ölkəmizin makro iqtisadi stabilliyin əsasını təşkil edir. Cənab Prezident məhz bu düşünülmüş, planlaşdırılmış fikrini dəfələrlə kütləvi informasiya vasitələrində də dilə gətirib. Üstəlik ölkəmizi bu iqtisadi inkişafı bəsləyəcək logistik mərkəzə çevirmək istiqamətində mühüm addımlar atılır ki, əslində bu sektor da öz-özlüyündə daha bir iqtisadi inkişaf mənbəyidir.
    İndiki mərhələdə ölkəmizin iqtisadi inkişafı üçün ehtiyac duyulan aqrar komplekslərin və sənaye parklarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə hazırda 8 sənaye parkı fəaliyyət göstərir ki, bu sənaye parklarında 184 rezident qeydiyyata alınıb, 101-i artıq fəaliyyətə başlayıb. Bu günə qədər rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb. Qeyd etmək yerinə düşər ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub. Bütün bu göstəricilərin müsbət tendensiya ilə inkişafı, sənaye parklarının istehsal sahələrinin bir-birini tamamlamasının və yeni sənaye parklarının mərhələli yaradılmasının gətirdiyi müsbət nəticələrdir.
    Belə sənaye parklarından birisinin təməli də Naxçıvan Muxtar Respublikasına cənab Prezidentin səfəri zamanı atıldı. Bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilk olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır” söyləyərək onu da vurğuladı ki, eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir.
    Ümumiyyətlə qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın tarixinə gələcəyi ilə bağlı çox mühüm, möhtəşəm səhifəni yazdı. Yeni mərhələ üçün yol xəritəsi kimi dəyərləndirilən bu səfər çərçivəsində şahidi olduğumuz mühüm addımlar, muxtar respublikanın hərtərəfli inkişafına verilən önəm hər birimizi daha da qürurlandırdı. Bu səfər bizə həm də göstərdi ki, regionların iqtisadi inkişafı, ixtisaslaşmış sənaye obyektlərinin regionlarda təşkili cənab Prezidentin daxili siyasətində öz aktuallığını nəinki qoruyur, hətta prioritet təşkil edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ