Sizin reklam burada
Sizin reklam burada
  • Qırğızıstan-Azərbaycan əməkdaşlığı yeni mərhələdə

    Qırğızıstan-Azərbaycan əməkdaşlığı yeni mərhələdə Həbib Cəfərov
    YAP Astara rayon təşkilatının sədri

    Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu kontekstdə iyulun 30-31-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı diplomatik hadisə olmaqla yanaşı, eyni zamanda, ölkəmizin bu region ilə formalaşdırdığı uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti mühüm göstəricisi kimi qiymətləndirilir.

    Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində Azərbaycan qarşılıqlı hörmətə və etimada əsaslanan xarici siyasət formalaşdırıb, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb.

    Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Təsadüfi deyil ki, son 5 ildə qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfər gerçəkləşdirilib. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana ilk dövlət səfəri həyata keçirib. Prezident Sadır Japarov isə 2022-ci ilin aprelində ölkəmizə rəsmi, 2024-cü ilin aprelində isə dövlət səfərləri edib. İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Baza mexanizmi kimi yaradılan Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilib.

    Prezident İlham Əliyevin Qırğızıstana reallaşdırdığı dövlət səfəri çərçivəsində münasibətlərin gələcək inkişafına xidmət edən 15-ə yaxın sənəd imzalandı, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Dövlətlərarası Şuranın 3-cü iclasında səsləndirilən fikirlər iki ölkənin bir-birinə nə qədər yaxın olduğunu bir daha təsdiqlədi. Belə ki, Qırğızıstan Prezidenti Sadır Japarov dahi Nizami Gəncəvidən sitat gətirdi, Qırğızıstanın və Azərbaycanın bir-birinin timsalında etibarlı dost qazandığını bildirdi. Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən köməyə görə Qırğızıstana təşəkkür etdi: “Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır”.

    Səfər çərçivəsində imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə tarixi hadisə kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.

    Prezidentlərin təltif olunması mərasimində səsləndirilən fikirlər də iki ölkənin münasibətlərinin bütün sahələrdə uğurlu inkişafının təqdimatı oldu. Belə ki, Qırğızıstanın dövlət başçısı Sadır Japarovun “Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub” fikirləri Azərbaycanın uğurlarının, onların əsasında əlaqələrimizin yüksələn xətlə inkişafı üçün geniş imkanların mövcudluğunun təsdiqi kimi dəyərləndirildi. Prezident Sadır Japarov öz növbəsində Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasını Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələ olduğunu bəyan edərək vurğuladı ki, Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir.

    Səsləndirilən fikirlər ölkələrimizin həm qardaş xalqlar və dövlətlər, həmçinin artıq müttəfiqlik münasibətlərinə malik ölkələr kimi bir-birinə nə qədər yaxın olduqlarını təsdiqləyir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ