Nəsib Məhəməliyev: “Bu səfər Türk Dövlətləri Təşkilatının potensialının artırılmasını, türk dünyası daxilində inteqrasiyasının sürətləndirilməsini də stimullaşdıracaq”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri, səfər əsnasında imzalanan çoxsaylı sənədlər dünya mediasının əsas müzakirə mövzularından birini təşkil edir.
Maraqlıdır, bu səfər ikitərəfli münasibətlərlə yanaşı, həm də ümumtürk birliyinin daha da güclənməsinə verilən töhfə kimi dəyərləndirilə bilərmi?
Mövzu ilə bağlı millət vəkili Nəsib Məhəməliyev Prezident İlham Əliyevin Qırğızıstan səfərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Dil, din və mədəniyyət baxımından ortaq köklərə malik olan Azərbaycan-Qırğızıstan münasibətləri həm də dərin tarixi köklərə malikdir. Bakı-Bişkek əməkdaşlığı, dostluq və qardaşlığı təkcə müstəqillik dövrünə təsadüf etmir. Keçmiş ittifaq zamanında da iki türk dövləti mütəffiq respublikalar olaraq bir-birinə yaxın olub, müxtəlif sahələrdə əməkdaşlığı uğurla inkişaf etdirib.
XX əsrin 90-cı illərində yeni dünya düzəninin formalaşmasının məntiqi nəticə olaraq iki dövlət müstəqillik qazandıqdan sonra Azərbaycan və Qırğızıstan münasibətlərini qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirməyə başlayıb.
Regional və qlobal səviyyələrdə baş verən mürəkkəb proseslər fonunda Azərbaycan və Qırğızıstanın əməkdaşlığının genişlənməsi təkcə Bakı və Bişkek deyil, eyni zamanda Mərkəzi Asiya və Cənubi Qafqaz, daha böyük mənada Türk dünyası üçün olduqca faydalıdır.
Məlum olduğu kimi, hər iki ölkə Türk Dövlətləri Təşkilatında təmsil olunur. Elə Azərbaycanın xarici siyasətində də Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi prioritet təşkil edir. Bu mənada deyə bilərik ki, Cənab İlham Əliyevin Qırğızıstana səfəri zamanı keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər təkcə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etməsinə və dərinləşməsinə xidmət etmirdi, eyni zamanda Türk dünyasının ortaq maraqlarının qorunması baxımından da mühüm əhəmiyyət daşıyırdı. Bura həm siyasi, həm iqtisadi, həm də regional təhlükəsizliyin təmin olunmasına hesablanmış ümumi maraqlar daxildir. Azərbaycan bir qayda olaraq Türk coğrafiyasının müxtəlif istiqamətlərdə inteqrasiyasının tərəfdarı kimi çıxış edib, bununla bağlı çoxsaylı təşəbbüslər göstərib. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Türk dünyası bizim ailəmizdir və Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Qırğızıstana səfər zamanı da bu yanaşma bir daha öz təsdiqini tapdı. Tərəflər təşkilat çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, kənd təsərrüfatı, təhsil və humanitar əməkdaşlığın inkişafı istiqamətində ortaq mövqelər nümayiş etdirdilər.
Azərbaycanın Qırığızıstanla münasibətləri Türk dünyasının nəqliyyat və logistika sahəsində əlaqələrinin inkişafına təkan verə bilər. Bildiyimiz kimi Azərbaycan Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biridir. Qırğızıstanın isə bu marşrutda daha fəal iştirakı Türk dövlətləri arasında yükdaşımaların həcminin artırılmasına imkan yaradar. Paralel olaraq Xəzər dənizi vasitəsilə həyata keçirilən nəqliyyat layihələri, Ələt Limanının imkanları Türk dünyasının iqtisadi inteqrasiyasının sürətlənməsinə, Mərkəzi Asiyada istehsal olunan məhsulların Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə dünya bazarlarına çatdırılmasına töhfə verə bilər. Bu da öz növbəsində türk birliyinin bütün parametrlər üzrə möhkəmlənməsi, inkişaf etdirilməsi deməkdir.
Bakı-Bişkek münasibətlərində enerji sektorunda əlaqələr da xüsusi rol oynayır və qeyd edilən istiqamətdə əməkdaşlıq Türk dövlətləri üçün də perspektiv imkanlar vəd edir. Azərbaycanın enerji resursları, bərpaolunan enerji sahəsində topladığı təcrübə və beynəlxalq layihələrdə qazandığı uğurlar bu prosesdə xüsusi rol oynayır. Gələcəkdə yaşıl enerji, elektrik enerjisinin ötürülməsi və enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək birgə layihələr Bakı və Bişkeklə yanaşı, ümumilikdə Türk dünyasının iqtisadi dayanıqlığının daha da gücləndirilməsinə təsirsiz ötüşməyəcək.
Bir sözlə, Cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə Bakı-Bişkek münasibətlərinin inkişafında yeni mərhələ açmayacaq. Bu səfər və səfər zamanı əldə edilən razılaşmalar eyni zamanda ümumtürk birliyinin möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatının potensialının artırılması və Türk dünyasının siyasi, iqtisadi, nəqliyyat, enerji və digər istiqamətlərdə inteqrasiyasının sürətləndirilməsinə töhfə verəcək”.
