Akademik İsa Həbibəyli bildirib ki, Nəriman Həsənzadə Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Muğanna, Fərman Kərimzadə kimi görkəmli söz adamları ilə birlikdə sovet ideologiyasının sərt qəliblərini yumşaldaraq Azərbaycan ədəbiyyatını real ictimai həyata yaxınlaşdıran qüdrətli sənətkarlardan biri olub.
"Bu mənada, mənim fikrimcə, Nəriman Həsənzadənin yaradıcılığı özündən əvvəlki 30-40-cı illər ədəbi nəsli ilə ədəbiyyatımızda yeni meyl formalaşdıran 60-cılar nəsli arasında körpü funksiyasını yerinə yetirib", – deyə o vurğulayıb.
İsa Həbibbəyli qeyd edib ki, Nəriman Həsənzadə taleyin ona verdiyi möhlət ərzində 60-cılar nəslinin nümayəndələri ilə çiyin-çiyinə müstəqillik dövrünün ideallarına xidmət edib, hələ sovet dövründən başlayaraq böyük ədəbiyyatın formalaşmasında yaxından iştirak edib.
Onun sözlərinə görə, şair Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və azərbaycançılıq ideallarına, eləcə də ədəbiyyata sədaqətin parlaq nümunəsini nümayiş etdirib.
"Nəriman Həsənzadə təpədən dırnağa qədər lirika hadisəsi idi. Onun yadda qalan yüzlərlə səmimi və həzin şeiri ilə yanaşı, nitqi, danışığı, təhkiyəsi, hətta nəfəsi belə lirika ilə yoğrulmuşdu. Mənə elə gəlir ki, o, yerişində yaşayan, hərəkətdə olan bir şeiriyyət nümunəsi idi", – deyə AMEA prezidenti bildirib.
İsa Həbibbəyli vurğulayıb ki, Nəriman Həsənzadənin "Nəriman" və "Zümrüd quşu" əsərləri ilə Azərbaycan ədəbiyyatına dramatik poema janrını gətirməsi onun mühüm xidmətlərindən biridir.
"Bu vaxta qədər ədəbiyyatımızda lirik-epik və epik poemalar geniş yayılmışdı. Dramatik poemanın ən mükəmməl nümunələrini isə ilk dəfə Azərbaycan ədəbiyyatına Nəriman Həsənzadə gətirdi", – deyə o əlavə edib.
"Atributinfo.az"
