![]()
Minskdə Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyində “Diaspor Fəaliyyətinə Jurnalist Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin "Böyük Qələbənin varisləri" (“Наследники Великой Победы”) kitabının təqdimatı keçirilib.
Tədbir Belarusun Azərbaycandakı səfirliyinin və Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycanın Belarusdakı hərbi attaşesi polkovnik Aydın Rəhimov, muzeyin rəhbərliyi, diaspor və Belarus Parlamentinin üzvləri, media nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar muzeylə yaxından tanış olublar. Sonra Böyük Vətən Müharibəsi Tarixi Muzeyinin direktoru Rimma Rumla Qələbə Zalında görüş keçirilib. Fuad Hüseynzadə muzeyin fondu üçün "Böyük Qələbənin varisləri" kitabını və təşəkkürnamə təqdim edib.
Müəllif kitabın Azərbaycan liderlərinin ziyarət etdiyi Böyük Vətən Müharibəsi Tarixi Muzeyinə təqdim olunmasından məmnunluğunu ifadə edib. Görüşdə Fuad Hüseynzadə 1978-ci ilin dekabrında Ulu Öndər Heydər Əliyev, 2015-ci ildə Prezident İlham Əliyevin Belarusa rəsmi səfərləri zamanı muzeyi ziyarət etməsini və fəxri qonaqlar kitabını imzalamalarını xatırladıb.
Muzeyin direktoru Rimma Rum görüşdə azərbaycanlıların Belarusun nasist işğalçılarından azad edilməsində fəal iştirak etdiklərini və onların bir çoxunun sonradan Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü vurğulayıb. "Bu insanların qəhrəmanlıqları daimi sərgimizdə təmsil olunur", - deyə o bildirib. O, muzeyin kolleksiyasında partizan hərəkatında iştirak edən və Böyük Qələbəyə töhfə verən yerli azərbaycanlılar haqqında sənədlərin və materialların olduğunu deyib: “Bu cür nəşrlər tarixi yaddaşın qorunması və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün vacibdir. Nəşr kitabxanamıza göndəriləcək. Muzey işçiləri və tədqiqat və elmi işlərlə məşğul olanlar ondan istifadə edə biləcəklər. İstəyə görə hər kəs üçün əlçatan olacaq".
Xatırladaq ki, "Böyük Qələbənin varisləri" kitabı 2025-ci ildə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyi münasibəti ilə nəşr olunub. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan kitabda Azərbaycanın müharibəyə verdiyi töhfələr, xalqımızın ictimai-siyasi, iqtisadi və hərbi sahələrdəki iştirakının əhəmiyyəti geniş şəkildə təhlil olunur. Burada əsasən Böyük Qələbənin varisi olan xaricdəki azərbaycanlıların qəhrəman ata-babalarının həyatı və döyüş yolu xüsusi olaraq təqdim edilir. Bununla yanaşı, qəhrəman babaların nəvə-nəticələrinin I və II Qarabağ savaşında ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında rolu xüsusi vurğulanır. Həmçinin, kitabda Belarusdakı diaspor üzvlərinin də İkinci Dünya müharibəsində ata-babalarının bu ölkə uğurunda döyüşlərindən və qəhrəmanlıqlarından bəhs olunur.
