Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ərəfəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində monitorinq həyata keçirilib.
Monitorinq zamanı müəssisənin inzibati binasının hər iki korpusuna, o cümlədən xidməti və tibb otağına, yeməkxanaya və sakinlərin otaqlarına baxış keçirilib, saxlanma şəraiti, qidalanma, habelə tibbi və sosial xidmətlərinin təşkili ilə bağlı mövcud vəziyyət araşdırılıb. Ombudsmanın nümayəndələri müəssisə sakinləri ilə fərdi söhbətlər aparıb, onların qayğılarını öyrəniblər.
Müəssisənin bəzi bölmələrində təmir işlərinin aparılmasının zəruri olduğu müəyyən edilib. Bundan əlavə, qida rasionunun ahıl şəxslərin yaş və sağlamlıq xüsusiyyətlərinə uyğunlaşdırılmasına dair tövsiyələr verilib.
Monitorinq zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması və əvvəlki başçəkmələrdə verilmiş tövsiyələrin icrasının təmin edilməsi məsələləri, o cümlədən ahıl şəxslərin sosial-tibbi xidmətlərə əlçatanlığı, yaşayış şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər müəssisənin rəhbərliyi ilə geniş formada müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Monitorinqin nəticələrinə əsasən, Ombudsmanın nümayəndələri tərəfindən müəssisədə yaşayan ahılların asudə vaxtlarının daha səmərəli təşkili, psixoloji reabilitasiya proqramlarının, sosial aktivlik imkanlarının genişləndirilməsinin və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının zəruriliyi barədə müəssisənin rəhbərliyinə və əməkdaşlarına müvafiq tövsiyələr verilib.
