Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

    Türkiyə istehsalı olan simulyatorlar təyyarə və vertolyot pilotlarının, eləcə də sualtı qayıq mütəxəssislərinin hazırlanmasında ölkənin asılılığını aradan qaldırmağa kömək edib.

    Bu açıqlamanı Türkiyənin aparıcı müdafiə sənayesi müəssisələrindən biri olan “Havelsan” şirkətinin baş direktoru Mehmet Akif Nacar Şanlıurfada keçirilən “TEXNOFEST - Cənub-Şərq” festivalının iştirakçıları ilə görüşdə verib. Onun sözlərinə görə, simulyatorların inkişafı son 10 ildə sürətlənib. “Simulyatorlar bahadır, lakin onlar yeni mütəxəssislərin təlimini sürətləndirməyə kömək edir. Əgər pilot simulyator testindən keçə bilmirsə, ona uçmağa icazə verilmir”, - deyə “Havelsan” şirkətinin baş direktoru vurğulayıb.

    Nacar F-16 qırıcı pilot təlim proqramını buna nümunə göstərib. “Simulyator sayəsində pilot təkcə təyyarənin sistemlərini deyil, həm də digər F-16-larla birlikdə uçuş ssenarilərini tam mənimsəyə bilər. Bundan əlavə, simulyatorun interaktiv şəbəkəsinə dünyanın istənilən yerindən giriş əldə etmək mümkündür. Bu o deməkdir ki, pilotların təlim keçmək üçün mütləq bir yerdə olmasına ehtiyac yoxdur”, - deyə o bildirib və qeyd edib ki, hazırda Türkiyə 400-dən çox simulyator növü istehsalı ilə Avropada birinci yerdədir.

    Baş direktor daha sonra yeni simulyatorların hazırlanması planları barədə danışıb: “Genişekranlı böyük simulyatorlar getdikcə daha mobil, hətta portativ simulyatorlarla əvəz olunur. Biz, həmçinin virtual reallıq (VR) cihazlarından və genişləndirilmiş reallıq (AR) displeylərindən istifadə edən simulyatorlar üzərində işləyirik. Lakin başgicəllənmə kimi yan təsirlərə görə hələ də ekran texnologiyasından istifadə etmək lazım gəlir”.

    “Havelsan” şirkətinin baş direktoru, həmçinin süni intellektin əhəmiyyətini vurğulayıb. “Süni intellekt proqramları bizə pilotun reaksiyasının refleks səviyyəsinə çatıb-çatmadığını anlamağa imkan verir”, - deyə o izah edib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ