Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Prokurorluq işçilərinin peşə bayramını təbrik edib
Təbriki olduğu kimi paylaşırıq:
1 Oktyabr - Prokurorluq İşçiləri Günü Azərbaycan prokurorluğunun dövlətçilik tarixindəki mühüm rolunu və qanunun aliliyinə xidmət edən məsuliyyətli fəaliyyətini ifadə edən əlamətdar gündür.
Müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində prokurorluq orqanları qanunçuluğun təmin edilməsi, insan, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə, dövlət ittihamının həyata keçirilməsi kimi mühüm funksiyaları yerinə yetirir. Bu şərəfli xidmət yüksək peşəkarlıq, prinsipiallıq, ədalət və qanuna sədaqət tələb edir. Onların dövlətçilik maraqlarının, qanunun və ictimai sabitliyin qorunması istiqamətində məsuliyyətli fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Prokurorluğunun tarixi 1 oktyabr 1918-ci ildən başlayır. Ümummilli lider H. Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə Prokurorluq İşçilərinin Peşə Bayramı günü təsis olunub.
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı hüquqi dövlətçilik ənənəsi, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində müasir çağırışlara uyğun şəkildə davam etdirilir.
Hüquq sisteminin təkmilləşdirilməsi, qanunvericilik bazasının yenilənməsi, insan, vətəndaş hüquqlarının etibarlı müdafiəsi və prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun inkişaf etdirilməsi, maddi-texniki bazasının qurulması, “Elektron Prokurorluq” informasiya sisteminin yaradılması bu siyasətin mühüm istiqamətlərindəndir.
Prokurorluq əməkdaşlarının xidmətlərinin dövlət səviyyəsində qiymətləndirilməsi, onların təltifi və ali xüsusi rütbələrə layiq görülməsi də dövlətin bu sahədə diqqət və qayğısının bariz nümunəsidir.
Qax rayon rəhbərliyi bütün prokurorluq əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edir, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar, dövlətçilik və qanunçuluğun möhkəmləndirilməsi naminə xidmətlərində müvəffəqiyyətlər arzulayır.
"Atributinfo.az"
