Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ

    Nəsib Məhəməliyev,
    Milli Məclisin deputatı


    Sovetlərin dağılmasından sonra 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən ciddi problemlərlə üzləşdi. Həmin dövrdə respublikaya rəhbərlik edən Mütəllibov hakimiyyəti, daha sonra isə AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi ölkəni ciddi siyasi, iqtisadi və hərbi sınaqlar qarşısında qoymuşdu. Həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ərazilərin işğalı, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi təkcə siyasi deyil, eyni zamanda iqtisadi böhranı da qaçılmaz etmiş, respublika konkret olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Hakimiyyət daxilində qruplaşmaların meydana çıxması, kresol uğrunda mübarizənin kəskinləşməsi ölkəni aşıq-aşkar xaosa, anarxiyaya sürükləyirdi. Bakıda cəbhəçilər kresol uğrunda mübarizə apardıqları halda, Qarabağda ermənilər şəhər və rayonlarımızı işğal edirdilər.

    Belə bir mürəkkəb şəraitdə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı zamanın tələbinə çevrilmişdi. Xüsusilə, 1993-cü ilin iyun hadisələri və Gəncədə baş qaldıran qiyam proseslərin sürətlənməsinə və Ulu Öndərin Bakıya qayıtmasına təsir göstərən amillərdən oldu. Həmin ilin may-iyun aylarında ölkədə siyasi vəziyyətin son dərəcə gərginləşməsi Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Belə bir vəziyyətdə xalq nicat yolunu məhz Heydər Əliyevdə görürdü. Beləliklə, xalqın təkidli tələbi ilə Heydər Əliyevin Bakıya qayıdışı və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi Azərbaycanda siyasi proseslərin istiqamətini dəyişdirdi. 23 iyunda Milli Məclis prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

    1993-cü il oktyabrın 3-də Azərbaycanda keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan Heydər Əliyev dövlət başçısı seçildi. Əgər 15 iyun Azərbaycan dövlətçiliyinin parçalanma, ölkənin vətəndaş müharibəsindən xilas edilməsi idisə, 3 oktyabr tarixi isə Azərbaycanın dövlətçilik inkişafında yeni mərhələnin başlanğıcı idi. Oktyabrın 10-da xalqı və dövləti qarşısında and içən Ulu Öndər özü də yaxşı bilirdi ki, qarşıda onu daha çətin iş, sınaq gözləyir. Bütün bunları zərgər dəqiqliyi ilə hesablamış Heydər Əliyev andiçmə mərasimində deyirdi:

    “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

    Qeyd etdiyimiz kimi, qarşıda Ulu Öndəri daha çətin proses gözləyirdi. Məsələ təkcə hakimiyyətin formalaşdırılması deyil, müstəqil dövlətin institusional əsaslarının möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin edilməsi və iqtisadiyyatın bərpası idi. Heydər Əliyevin prezidentliyi dövründə dövlət quruculuğu məsələləri əsas istiqamətlərdən birinə çevrildi. Bu istiqamətdə mühüm hadisələrdən biri 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiyanın qəbul edilməsi dövlət hakimiyyəti institutlarının hüquqi əsaslarının müəyyənləşdirilməsi və müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətində mühüm hadisə idi.
    Ölkədə siyasi sabitliyi bərqərar etməklə paralel olaraq, böhran vəziyyətində olan iqtisadiyyatı da inkişaf etdirmək lazım idi. Həmin dövrdə bu istiqamətdə addım atmaq strateji əhəmiyyət daşıyırdı. Bu mərhələdə Azərbaycanın enerji strategiyasının formalaşdırılması xüsusi diqqətdə idi. Xarici şirkətlərlə əməkdaşlığın genişləndirilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması və ölkəyə xarici investisiyaların cəlb edilməsi sonrakı iqtisadi inkişaf üçün mühüm baza yaratdı. 1994-cü il, sentyabrən 20-də imzalanmış “Əsrin müqaviləsi” təkcə neft sektorunun deyil, ümumilikdə iqtisadiyyatın inkişafının təməl daşına çevrildi. Nəticə etibarilə, 1990-cı illərin ortalarından etibarən Azərbaycan tədricən iqtisadi böhrandan çıxaraq daha geniş regional iqtisadi layihələrdə iştirak edən dövlətə çevrilməyə başladı.

    Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin xarici siyasətində əsas istiqamətlərdən biri müstəqilliyimizin və milli maraqlarımızın beynəlxalq səviyyədə müdafiəsi, həmçinin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması idi. Məhz bu siyasətin nəticəsində Azərbaycan müxtəlif beynəlxalq və regional təşkilatlarla əlaqələrini inkişaf etdirdi, xarici dövlətlərlə siyasi və iqtisadi münasibətlərini genişləndirdi.

    Neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına, əsas etibarilə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi ordu quruculuğunda yeni bir mərhələnin əsasını qoymuş oldu. Bu proses sonrakı illərdə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün institusional baza yaratdı.

    Təsadüfi deyil k, ümummilli lider Heydər Əliyevin 1993-cü ildən 2003-cü ilə qədər olan prezidentliyi dövrünü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ kimi xarakterizə edirlər. Bu illər ərzində siyasi və dövlət institutlarının formalaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi, enerji siyasətinin əsaslarının yaradılması, xarici siyasətin sistemləşdirilməsi və milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın günümüzdə regional liderə və qlobal oyunçuya çevrilməsi, güclü iqtisadiyyata və qüdrətli orduya malik olmasının təməli məhz 1993-cü il, 3 oktaybr tarixindən qoyulub.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ