Sizin reklam burada
Sizin reklam burada
  • Ana dilini qorumaq Vətəni qorumaqdır

    Aynurə Əliyeva
    ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi, Filologiya fakültəsinin müəllimi

    Ana dili xalqın keçmişini, bu gününü və gələcəyini birləşdirən əsas amildir. Çünki xalqın özünü dərk etməsi və tanıması ana dili ilə başlayır. Ana dili xalqın tarixini, dünyagörüşünü və mənşəyini sənədləşdirən ən mötəbər vasitədir, çünki millətin tarixi yaddaşı onun ana dilində kodlaşıb. Bizim ana dilimiz zənginliyi, musiqililiyi ilə seçilən Azərbaycan dilidir. Bu dil bizim müqəddəs sərvətimiz, mənəvi varlığımız, milli kimliyimiz və anamızın südü ilə ruhumuza axan müqəddəs əmanətdir. Dil təkcə gündəlik ünsiyyət vasitəsi və ya səs toplusu deyil; o, xalqın təfəkkür sərhədi, milli yaddaşının aşılmaz qalası və kimliyinin birinci müdafiə xəttidir.
    Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliyi və təşəbbüsü ilə 1 avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsi sadəcə təqvimdəki növbəti bir bayram günü deyildir. Bu qərar ana dilinin dövlətçilik sütunu, milli müstəqilliyin və suverenliyin ayrılmaz hissəsi kimi qəbul edilməsinin tarixi və hüquqi təsdiqidir. Latın qrafikalı əlifbaya tam və qətiyyətli keçid, dilin dövlət həyatında tətbiq dairəsinin genişləndirilməsi faktiki olaraq bizim mənəvi suverenliyimizin bərpası idi.
    Hər bir insan dünyanı, kainatı və cəmiyyəti mənsub olduğu ana dilinin verdiyi anlayışlar prizmasından dərk edir. Bir xalqın dünyagörüşü, fəlsəfəsi, əsrlər boyu yaşadığı tarixi acıları və qazandığı zəfərləri onun söz ehtiyatında, folklorunda və ədəbiyyatında kodlaşır. Vətən torpağı fiziki coğrafiyadırsa, dil o coğrafiyaya ruh verən, onu doğmalaşdıran mənəvi məkandır.
    Görkəmli mütəfəkkirlərin də dəfələrlə vurğuladığı kimi, bir milləti mənən məhv etmək üçün onun torpağını hərbi yolla işğal etmək məcburi deyil. Bunun üçün həmin xalqın dilini əlindən almaq, dilini məhv etmək yetərlidir. Çünki dilini itirən xalq öz keçmişi, kökləri və tarixi yaddaşı ilə əlaqəsini itirir; keçmişini itirən xalq isə gələcəyini qurmaq iqtidarında olmur. Bu mənada, dili qorumaq — sadəcə sinif otaqlarında qrammatik qaydalara riayət etmək deyil, bir millətin mədəniyyətini, dövlətçiliyini, mövcudluğunu və bütövlükdə Vətənini qorumaq deməkdir.
    Bu gün milli sərhədlərə təhdidlər yalnız hərbi və ya siyasi müstəvidə baş vermir. Qloballaşma, rəqəmsallaşma və informasiya axınının sürətləndiyi müasir dövrdə dilimiz tamamilə yeni, gözəgörünməz və mürəkkəb sınaqlarla üz-üzə qalır. Sosial şəbəkələrin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə dilin sintaktik quruluşu pozulur, lüğət tərkibi yoxsullaşır. Sintetik sözlər, lüzumsuz xarici jargonlar və tələsik yazılmış natamam cümlələr təfəkkürün də səthi olmasına, dərinliyini itirməsinə gətirib çıxarır.
    Zəngin dili olan xalqın düşüncə miqyası da geniş olur. Biz dilimizdəki incəlikləri, frazeoloji birləşmələri və sinonim zənginliyini unutduqca, anlayışlarımızı, hisslərimizi və elmi mühakimələrimizi dəqiq ifadə etmək qabiliyyətimizi də zəiflədirik. Hər bir yad və yersiz alınma söz, dilimizə qanunsuz daxil olmuş bir yadelli kimidir. Dilin saflığını və sintaktik bütövlüyünü qorumaq, ölkənin hava məkanını və ya dəniz sərhədlərini qorumaq qədər strateji önəm taşıyır.
    Əsl təfəkkürün sərhədi olmur. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin dünyanı fəth edən dərin fəlsəfəsi məhz bu torpağın düşüncə məhsulu idi. Öz ana dilini dərindən bilən, onun semantik zənginliyindən bəhrələnən insan, qlobal aləmdə də öz sözünü kəsərli deməyə qadirdir. Ana dili insana öz köklərindən güc alaraq dünyaya açılmaq və universal dəyərlərə töhfə vermək imkanı verir.
    Gənc nəsil dərk etməlidir ki, bir neçə xarici dil bilmək böyük üstünlük və müasir dövrün tələbidir, lakin bu, ana dilini ikinci plana keçirmək hesabına olmamalıdır. Doğma dilini mükəmməl bilməyən fərd başqa dillərdə də dərin, fəlsəfi və analitik təfəkkür formalaşdıra bilməz. Dil bizim dünyaya açılan pəncərəmizdir, amma o pəncərənin çərçivəsi öz milli kimliyimiz və özünüdərkimizdir.
    Dilin qorunması və inkişafı təkcə dövlət qurumlarının üzərinə düşən inzibati öhdəlik deyil; bu, fərddən cəmiyyətə, ailədən məktəbə qədər hər birimizin üzərinə düşən milli və vətəndaşlıq məsuliyyətidir. Dilimizi müasir dünyada yaşatmaq, onun saflığını və rəqabət qabiliyyətini qorumaq üçün aşağıdakı addımların atılması mühüm əhəmiyyət kəsb edir:
    1) Rəqəmsal və texnoloji mühitdə dilin mövqeyinin möhkəmləndirilməsi.
    Azərbaycan dilinin internetdə, elmi bazalarda və rəqəmsal platformalarda tətbiq sahəsi genişləndirilməlidir. Dilimizi müasir süni intellekt modellərinə, maşın tərcüməsi alqoritmlərinə yüksək səviyyədə inteqrasiya etməliyik ki, yeni nəsil rəqəmsal dünyada öz dilimizdə rahat danışa, yaza və axtardıqlarını tapa bilsinlər.
    2) Təhsil sistemində nitq mədəniyyəti və akademik yazının önə çəkilməsi.
    Orta və ali məktəblərdə ana dili tədrisi yalnız qrammatik qaydaların mexaniki əzbərlənməsi ilə kifayətlənməməli, təfəkkürün, nitq mədəniyyətinin, mühakimə yürütmə kabiliyyətinin və akademik yazının inkişafına yönəlməlidir. Xüsusilə xarici dildə təhsil alan tələbələr üçün Azərbaycan dili və nitq mədəniyyəti kursları məcburi, dərin məzmunlu və praktiki yönümlü olmalıdır.
    3) İctimai-informasiya məkanında monitorinq və dil saflığı.
    Televiziya, radio, xəbər portalları və sosial media platformalarında nitq mədəniyyətinə və ədəbi dil normalarına əm olunması ilə bağlı ciddi, ardıcıl monitorinqlər aparılmalıdır. Şəhər infrastrukturu, reklam lövhələri, xidmət sahələri və adlandırmada xarici sözlərin yersiz istifadəsinin qarşısı alınmalı, milli terminologiyaya üstünlük verilməlidir.
    4) Terminologiya və tərcümə işinin müasirləşdirilməsi.
    Qlobal texnologiya, elm və iqtisadiyyat sahəsində yaranan yeni terminlərin Azərbaycan dilinə operativ, həm də dilin daxili qanunauyğunluqlarına və ruhuna uyğun tərcümə olunması üçün Terminologiya Komissiyasının fəaliyyəti çevikləşdirilməlidir. Dünya ədəbiyyatının, elmi və akademik qaynaqların birbaşa ana dilimizə keyfiyyətli tərcüməsi davamlı şəkildə dəstəklənməlidir.
    1 Avqust — Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, bayraq təkcə göylərdə dalğalanan müqəddəs parça deyil; bayraq həm də səsləndirdiyimiz hər bir təmiz, saf Azərbaycan sözüdür. Dilimizi kənar təsirlərdən, laqeydlikdən və yad təfəkkürün mənəvi işğalından qorumaq hər birimizin müqəddəs borcudur. Çünki dilin bütövlüyü — Vətənin bütövlüyüdür. Dil aid olduğu xalqın ruhudur və millətin mənəvi sütunudur. Odur ki, ana dilini Vətən torpağı kimi sevmək, qorumaq və gələcək nəsillərə təmiz şəkildə ötürmək hər bir azərbaycanlının ən ali vətəndaşlıq borcudur.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ