Sizin reklam burada
Sizin reklam burada
  • Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

    Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin açılması, bölgələrə daxili və xarici sərmayələrin cəlb olunması, ən müasir texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının daha da artırılmasıdır.

    Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

    Onun sözlərinə görə, İlham Əliyev Prezident kimi fəaliyyətə başlayarkən regionların inkişafı istiqamətində hədəfləri bəyan etmişdi. 2004-cü ildən müvafiq dövlət proqramlarının həyata keçirilməsi də bunun göstəricisi oldu. Azərbaycanın regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Belə ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci, 2008-2014-cü, 2014-2018-ci, 2019-2023-cü illər üzrə dövlət proqramları uğurla icra olunaraq bölgələrdə sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayıb.

    Deputat bildirib ki, regionların inkişafı məsələləri daim diqqət mərkəzində olacaq. Bölgələrdə dağ-mədən və metallurgiya sənayesinin dirçəldilməsi təşəbbüsləri də bu reallığı təsdiqləyir. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə əslində, bu istiqamətdə yeni hədəfləri müəyyənləşdirir. Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, yeni dövlət proqramı, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram 2027–2030-cu illəri əhatə edir.

    S.Vəliyevin fikrincə, Azərbaycanda dağ-mədən sənayesinin indiyədək lazımi səviyyədə inkişaf etməməsinin müəyyən səbəbləri olub. Dövlətimizin başçısının dediyi kimi, bir çox yataqlar 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Eyni zamanda, bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Sovetlər dövründə isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılsa da, Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi. Ona görə respublika ərazisindəki bir çox perspektivli yataqlar hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu baxımdan yeni Dövlət Proqramının qəbulu çox əhəmiyyətlidir.

    O qeyd edib ki, ilkin olaraq işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması nəzərdə tutulur. Əsasən, bu sıraya Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqları daxildir. Prezidentin dediyi kimi, Ağdərə rayonunda artıq işlərə başlanılıb. Yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan yataqlarda istismar artıq başlanılacaq. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi də məhz dağ-mədən sənayesinin inkişafıdır.

    “Verilən məlumatlardan aydın olur ki, uzunmüddətli məqsədlərdən biri Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanını qiymətləndirməkdir. Son 10 ildə seçilmiş strateji metalların qiymətlərində ciddi artım müşahidə edilib. Növbəti 10 ildə isə bu metallara qlobal tələbatın daha da artacağı gözlənilir. Alüminium üzrə 23 faiz, mis üzrə 21 faiz, sink üzrə 15 faiz, qızıl üzrə isə 10 faiz artımın olacağı proqnozlaşdırılır. Azərbaycanın burada bir sıra imkanları və üstünlükləri var. Biz Mərkəzi Asiya–Avropa dəhlizi üzərində yerləşirik və siyasətiniz nəticəsində açar rolunu oynayırıq. Bakı Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu mühüm logistika imkanları yaradır. Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarımız isə əlavə imkanlar təmin edir. Rəqabətqabiliyyətli enerji qiymətləri də ölkəmizin mühüm üstünlüyüdür. Bundan başqa, Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanları Azərbaycanın regional emal imkanlarını genişləndirə bilər”,- deyə deputat vurğulayıb.






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ