Bunu Atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatması hər iki dövlət üçün böyük məsuliyyət yaradır:
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və hər iki ölkə bu məsuliyyətə hazırdır. Dövlət başçılarının qarşılıqlı fəaliyyəti, keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini nümayiş etdirir. Biz bütün təsisatlar və beynəlxalq platformalar çərçivəsində, eyni zamanda iqtisadi-ticari və təhlükəsizlik sahələrində bundan sonra da bir-birimizi dəstəkləməyə davam edəcəyik”.
Mircəlil Qasımlının sözlərinə görə, səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan-Qırğızıstan əlaqələrinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, əməkdaşlığın hüquqi bazasını da daha da möhkəmləndirir:
“İmzalanmış sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş spektrini əhatə edir. Sərəncam və sazişlərin imzalanması nəticəsində əldə olunan razılaşmaların davamlı və ardıcıl şəkildə həyata keçiriləcəyinə əminlik var. Bu sənədlər həm siyasi dialoqun, həm də iqtisadi və humanitar əlaqələrin inkişafına mühüm töhfə verəcək”.
Deputat bildirib ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun büdcəsinin 200 milyon dollara qədər artırılması iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“İnvestisiya Fondunun maliyyə imkanlarının artırılması iki ölkənin iqtisadi potensialına olan inamın göstəricisidir. Fondun fəaliyyəti yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır. Burada konkret layihələrin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlar arasında birbaşa əlaqələrin qurulması nəzərdə tutulur. Bu imkanlar iki ölkə arasında ticarət dövriyyəsinin və iqtisadi əməkdaşlığın həcmini əhəmiyyətli dərəcədə artıra bilər”.
Mircəlil Qasımlı vurğulayıb ki, səfər zamanı “Bakı” hotelinin açılışında iştirak edilməsi də iki qardaş xalq arasında dostluğun və qarşılıqlı hörmətin rəmzidir. Onun sözlərinə görə, İssık-Kul sahilində ilk beşulduzlu hotelin Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilməsi münasibətlərin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda mənəvi və humanitar əsaslara söykəndiyini göstərir.
“Qırğızıstanın Ağdam bölgəsindəki Manaş kəndinin adını daşıyan məktəbin açılışında iştirak edilməsi xüsusi məna daşıyır. Ağdam rayonunda Qırğız xalqının görkəmli nümayəndəsi Çingiz Aytmatovun adını daşıyan məktəbin fəaliyyət göstərməsi, Bişkekdə isə Qırğızıstan-Azərbaycan Dostluğu Parkının salınması xalqlarımızın tarixi və mədəni yaxınlığının bariz nümunəsidir. Bütün bunlar dostluq və qardaşlıq əlaqələrimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir”, – deyə deputat bildirib.
Mircəlil Qasımlı əlavə edib ki, Azərbaycanla Qırğızıstanı yalnız ortaq siyasi və iqtisadi maraqlar deyil, həm də tarixi köklər, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Qırğızıstanın Azərbaycanı Mərkəzi Asiya Məşvərət Görüşlərində tamhüquqlu üzv kimi dəstəkləməsi də ölkələrimiz arasında yüksək etimadın göstəricisidir.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı olan I dərəcəli “Manas” ordeni ilə, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltiflərindən biri olan “Heydər Əliyev” ordeni ilə təltif olunması dövlət başçıları arasında qarşılıqlı hörmətin və Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəsinin təsdiqidir.
“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərimizin müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsində daha da inkişaf etdiyini göstərdi. Səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi siyasi dialoqun, iqtisadi əlaqələrin və humanitar əməkdaşlığın gələcəkdə daha da genişlənməsinə mühüm töhfə verəcək”, – deyə Mircəlil Qasımlı vurğulayıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
