"Atributinfo.az" xəbər verir ki, tədbir çərçivəsində Qaxın əsrarəngiz təbiəti, tarixi abidələri, qədim yaşayış məskənləri, milli mətbəxi, xalq sənətkarlığı, folkloru, musiqisi, rəqsləri, multikultural mühiti, müxtəlif xalqların və etnik qrupların əsrlər boyu formalaşdırdığı mehriban birgəyaşayış ənənələri geniş təqdim olunur. Rayonun kənd təsərrüfatı məhsulları, sənətkarlıq nümunələri, yerli istehsal potensialı və turizm imkanları da ziyarətçilərin diqqətinə çatdırılır.
Eyni zamanda "Qax Günləri" rayonun təhsil, idman, gənclər siyasəti, sosial inkişaf, innovasiya və sahibkarlıq sahələrində əldə olunan uğurların nümayiş etdirilməsi üçün də mühüm platformadır. Bu, Qaxın yalnız zəngin keçmişə malik olmadığını, həm də müasir Azərbaycanın dinamik inkişaf edən bölgələrindən biri olduğunu nümayiş etdirir.
31 iyul 2026-cı il tarixdə öz işinə başlayan festivalın ilk günü Respublikanın müxtəlif bölgələrindən gələn minlərlə insanın marağına səbəb olub. Festivalda Qax rayonundan olan tanınmış insanlar, ziyalılar, yazıçılar, şairlər, idmançılar, şəhid ailələri, qazilər və rayonumuza gələn turistlər iştirak ediblər.
“Birinci Qax Günləri” festivalının iştirakçıları əvvəlcə rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin, yerli sənətkarların, ayrı-ayrı müəssisə və təşkilatların hazırladığı stendlərə baxış keçirib, sənətkarlıq nümunələri ilə tanış olub, müxtəlif peşələr üzrə ustad dərsləri izləyiblər.
Festivalda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Qax rayonu tarixən müxtəlif xalqların və mədəniyyətlərin qorunduğu, tolerantlıq və multikultural dəyərlərin yaşandığı bir məkan olub. Bu gün bu festivalda bir araya gələn insanlar da həmin mənəvi zənginliyin daşıyıcılarıdır. “Qax Günləri” ölkəmizdə milli həmrəyliyin, multikultural dəyərlərin və mədəni müxtəlifliyin daha da möhkəmlənməsinə xidmət edir. Dövlətimizin mədəniyyətin, turizmin və regionların sosial-iqtisadi inkişafına göstərdiyi ardıcıl diqqət və qayğının nəticəsi olaraq Qax rayonunun zəngin irsi daha geniş auditoriyaya təqdim olunur, yerli istehsal və turizm imkanları genişlənir, yeni əməkdaşlıq əlaqələri formalaşır. RİH başçısı həmçinin bu növ festivalların bölgənin turizm potensialının artırılmasında və daxili turizmin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq artisti Xamis Muradov, sabiq Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinin komandanı ehtiyatda olan General-leytenant Ehram Hacıyev, sabiq Müdafiə Nazirinin müavini-Quru Qoşunları komandanı ehtiyatda olan Generel-leytenant Ənvər Əfəndiyev, İrəvan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimov keçirilən bu cür festivalların milli-mədəni irsimizin təbliğindəki müstəsna əhəmiyyətini xüsusi vurğulayıblar.
Festival Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin və Qax rayon Uşaq incəsənət məktəbinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
Bəradər,
Zahir
"Atributinfo.az"
