Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib. O, əlavə edib ki, Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına xüsusi maraq göstərir. Azərbaycanla Almaniya arasında münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, bütövlükdə regionun inkişafına və Avropanın enerji təhlükəsizliyinə xidmət edir:
"Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti uğurla fəaliyyət göstərir. Səfərdən sonra onların sayının artacağı, qarşılıqlı sərmayə qoyuluşlarının genişlənəcəyi və Almaniya şirkətlərinin ölkəmizdə daha böyük layihələrdə iştirak edəcəyi gözlənilir.
Azərbaycanın Almaniyaya təbii qaz ixracına başlaması da enerji əməkdaşlığının genişlənməsinin mühüm göstəricisidir. 2026-cı ildə Almaniyaya təxminən 10 milyon kubmetr qazın ixracı nəzərdə tutulur. Azərbaycanın neft məhsullarının da Almaniya bazarına çıxarılması enerji sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açır.
Azərbaycanın inkişaf etmiş nəqliyyat və logistika infrastrukturu, xüsusilə Orta Dəhliz layihəsi Almaniya şirkətləri üçün geniş imkanlar yaradır. Orta Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan üzərindən tranzit daşımalarının həcmi ildən-ilə artır. Bu günədək Azərbaycan ərazisindən Ermənistana 40 min tondan çox tranzit yük göndərilib."
Deputatı bildirib ki,
Prezident Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş Birgə Bəyannamə Ermənistan-Azərbaycan münaqişəsinə faktiki olaraq son qoyulması və regionda davamlı sülhün bərqərar olması baxımından tarixi əhəmiyyət daşıyır. Azərbaycan artıq münaqişədən sonrakı mərhələdə sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya gündəliyini təşviq edir.
Almaniya hökumətinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək yüksək qiymətləndirilir:
"Almaniyanın həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərə malik olması gələcək əməkdaşlıq və sülh prosesinə töhfə vermək baxımından mühüm imkanlar yaradır.
Prezident İlham Əliyev və Almaniya Federal Kansleri Fridrix Merts tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəddir. Bu sənəd Azərbaycan-Almaniya əlaqələrinin siyasi, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrində daha yüksək səviyyəyə yüksəlməsinə xidmət edəcək."- Mircəlil Qasımlı deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
