Sizin reklam burada
Sizin reklam burada
  • Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibət

    Həbib Cəfərov
    YAP Astara rayon təşkilatının sədri

    Slovakiya Prezidenti Peter Pelleqrini bu günlərdə Azərbaycanda rəsmi səfərdə oldu. Səfər Şuşadan başladı, Bakıda davam etdi. Azərbaycan və Slovakiya Prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar, Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Qeyd edək kmi, Qarabağın bərpası Azərbaycan-Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. Slovakiya Prezidenti mətbuata bəyanatında bildirdi ki, mən olduqca şadam və fərəhlənirəm ki, slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Qəti şəkildə inanıram ki, onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər. Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq: “Cənab Prezident, mən səmimiyyətinizə, həmçinin aramızda olan açıq və ürəkdən gələn dialoqa görə Sizə dərin təşəkkürümü bildirmək istərdim, çünki iki dost ölkənin dövlət başçıları məhz bu cür çalışmalıdırlar. Slovakiya praqmatik münasibətlər qurur, dünyanın istənilən yerində özünə tərəfdaş və dost axtarır. Çox məmnunam ki, Azərbaycan onların sırasındadır”.
    İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2004-cü ildə Slovakiyaya işgüzar səfəri siyasi dialoqun inkişafına mühüm təkan verib. Sonrakı dövrdə Slovakiyanın baş nazirləri, xarici işlər nazirləri, parlament nümayəndə heyətləri və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri əməkdaşlığın davamlı xarakter aldığını nümayiş etdirib. Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında mühüm dönüş nöqtəsi 2024-cü ildə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı baş verdi. Prezident İlham Əliyev ilə keçirilən görüşlərin yekununda Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ilə Bakı-Bratislava münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu sənədlə tərəflər arasında strateji tərəfdaşlığın hüquqi-siyasi əsasları rəsmiləşdirildi. İmzalanmış sənədlər Azərbaycan və Slovakiya arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, eləcə də ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev 2025-ci il dekabrında Slovakiyaya ilk rəsmi səfərini həyata keçirdi. Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşlərdə strateji tərəfdaşlığın praktiki məzmununun genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, investisiya və humanitar əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunmuşdu. Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərdə mühüm tarixi hadisə oldu.
    İki ölkənin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Tərəflər əlaqələrin bütün sahələrdə uğurlu inkişafında maraqlıdır və bunun üçün bütün imkanlar mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bu əminliyi ifadə etdi ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ