Sizin reklam burada
Sizin reklam burada
  • Komitə sədri: 2026-cı ildə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər

    Azərbaycan və Ermənistan arasında tam sülh sazişi hələ rəsmiləşdirilməsə də, hər iki tərəf münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atmaqda davam edir. Hətta müəyyən mənada, sülhün hüquqi sənədlərlə təsdiqlənməsə belə, artıq əldə olunduğunu və faktiki olaraq imzalandığını qeyd edənlər də var. Bəs yekun sülh sazişinin imzalanmasına hazırda hansı konkret maneələr qalır və bu proses 2026-cı ildə yekunlaşa bilərmi?

    Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev açıqlama verib.

    O, qeyd edib ki, 2026-cı ildə yekun sülh müqaviləsinin imzalanması mümkündür. Lakin bunun üçün Ermənistan ilk növbədə Konstitusiya ilə bağlı məsələni həll etməlidir. Hazırda rəsmi Bakının vurğuladığı əsas maneə də məhz budur.

    "Revanşist qüvvələrin və xarici havadarların sülh prosesini uzatmaq cəhdlərinə baxmayaraq, tərəflər sülh sazişinin mətni üzərində böyük ölçüdə razılığa gəliblər, siyasi dialoq və humanitar addımlar davam edir.

    Ermənistan Konstitusiyası ilə bağlı məsələnin həlli üçün referendum keçirilməli, yeni parlament formalaşmalı və Paşinyanın partiyası parlamentdə müvafiq üstünlüyü əldə etməlidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu məsələ hüquqi cəhətdən həll olunarsa, yekun sülh sazişinin imzalanmasına maneə qalmayacaq.

    Digər mühüm məsələ nəqliyyat və kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdir. Prinsipial razılaşmalar mövcud olsa da, marşrutların idarə olunması, təhlükəsizlik və hüquqi rejimlə bağlı danışıqlar davam edir. Delimitasiya və demarkasiya istiqamətində də addımlar atılır",-deyə komitə sədri bildirib.


    Arzu Nağıyev qeyd edib ki, Ermənistan daxilində revanşist ideyalar, Konstitusiya dəyişiklikləri və bəzi xarici qüvvələrin prosesə təsir cəhdləri sülhün əldə olunmasını müəyyən qədər ləngidə bilər. Buna baxmayaraq, 2026-cı ildə sülh sazişinin imzalanması real və mümkün ssenari olaraq qalır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ