YAP Astara rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyev bu günlərdə keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bir daha tədbirin əhəmiyyətinə diqqəti yönəldərək bildirdi ki, burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.
Şuşa Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb. İllər keçdikcə iştirakçıların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Xankəndi şəhərində keçirilən Forumdan bu günədək keçilən yola nəzər salsaq çox dəyişikliklərin baş verdiyini görərik. Təbii ki, ilk olaraq sülh şəraitində yaşamağımızı qeyd edirik. IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində cənab İlham Əliyev bir daha diqqəti bu reallıqlara yönəldərək vurğuladı ki, biz 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi oldu, sonra atəşkəs dövründə müxtəlif qarşıdurmalar yaşandı, ardınca müxtəlif gərginliklər baş verdi və nəhayət, İkinci Qarabağ müharibəsi oldu. Beləliklə, biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var. Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq.
IV Şuşa Qlobal Media Forumu Azərbaycanda, regionda və dünyada baş verən hadisələrin təhlilində və təqdimatında əhəmiyyətli rol oynadı. Tədbir başa çatsa da Prezident İlham Əliyevin çıxışı, səsləndirdiyi çağırışlar ölkə və dünya mətbuatında geniş təhlil edilir.
Cənab İlham Əliyev hazırkı dövrün əsas çağırışları sırasında yaşıl enerjiyə də xüsusi diqqət yönəltdi. Bildirdi ki, Bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bərpaolunan enerji mənbələri artıq bizə xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq. Çünki 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Beləliklə, həmin qaz həcmləri də istehlakçılar üçün əlçatan olacaq. Yəni biz iki mühüm amilə malikik: artan qaz hasilatı və ixrac potensialı, həmçinin bu qaz üçün mövcud bazar.
Forumda bir daha dövrün çağırışları diqqətə çatdırılaraq yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanların olduğu əsaslı şəkildə qeyd edildi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bir sözlə, IV Şuşa Qlobal Media Forumu qlobal informasiya məkanında etimadın möhkəmləndirilməsi, beynəlxalq media əməkdaşlığının inkişafı baxımından mühüm platforma kimi çıxış etdi.
