Qonaqları parlamentdə qarşılamaqdan məmnunluğunu bildirən Malik Həsənov, Azərbaycan ilə Koreya Respublikası arasında uzun illərdir qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, eləcə də siyasi dialoq ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarovanın Koreya Respublikasına rəsmi səfəri məmnunluqla xatırlanıb, həmin səfərin parlamentlərarası əlaqələrin inkişafına yeni impuls verdiyi qeyd olunub.
Öz növbəsində, Li Man Hi Azərbaycan və Koreya arasında parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycanın zəngin mədəni irsinə göstərilən marağın nümunəsi kimi “Kitabi-Dədə Qorqud” dastanının altı boyunun koreya dilinə tərcümə olunduğunu və bu nəşrin Koreya Milli Assambleyasında rəsmi təqdimat mərasiminin keçirildiyini diqqətə çatdırıb.
Görüşdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Göydəniz Qəhrəmanov, Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədr müavini Son Myonq Su çıxış edərək iki ölkə arasında enerji, yüksək texnologiyalar, innovasiya, turizm, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi barədə fikirlərini səsləndiriblər.
Tərəflər parlamentlərarası dostluq qruplarının qanunverici orqanlar arasında dialoqun inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm platforma rolunu oynadığını vurğulayıblar.
Görüşdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ülviyyə Ağayeva, Bədəl Bədəlov, Koreyanın Azərbaycandakı səfiri Kang Kymgu və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
