- Mahir müəllim, Şuşa Qlobal Media Forumu yeni geosiyasi reallıqların dünya ictimaiyyətinə çatdırılması, media diplomatiyasının gücləndirilməsi və ölkəmizin strateji tərəfdaşlıq imkanlarının artırılması baxımından hansı əhəmiyyətə malikdir?
- Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa artıq beynəlxalq media nümayəndələrinin, ekspertlərin və qərarvericilərin görüşdüyü nüfuzlu məkan kimi tanınır. IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın iştirak etməsi bu platformanın əhəmiyyətinin ildən-ilə artdığını təsdiqləyir. Son dörd il ərzində 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Forumda iştirakı Azərbaycanın yaratdığı bu təşəbbüsün qlobal informasiya məkanında mühüm yer tutduğunu nümayiş etdirir.
Forumun uğurunu şərtləndirən əsas amillərdən biri bu beynəlxalq tədbirin tarixi həqiqətlərin yerində nümayiş etdirilməsi imkanını yaratmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. İlk dəfə bölgəyə gələn qonaqların gördüyü mənzərə ilə bu gün qarşılaşdıqları inkişaf tamamilə fərqlidir. Müasir infrastruktur, yeni yaşayış kompleksləri, doğma torpaqlarına qayıdan sakinlər və həyata keçirilən böyük quruculuq layihələri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin real nəticələrini təcəssüm etdirir.
Şuşa Qlobal Media Forumu həm də informasiya diplomatiyasının mühüm vasitəsidir. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər, media rəhbərləri və ekspertlər burada yalnız aktual beynəlxalq məsələləri müzakirə etmir, həm də Qarabağ həqiqətləri ilə yaxından tanış olur, obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verirlər. Bu baxımdan Forum Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementinə çevrilib.
- Prezident İlham Əliyevin Azərbaycan–Türkiyə strateji müttəfiqliyi ilə bağlı fikirləri sülh, təhlükəsizlik və əməkdaşlıq kontekstində hansı gerçəklikləri ifadə edir?
- Prezident İlham Əliyevin çıxışında vurğulanan məsələlərdən biri Azərbaycan–Türkiyə münasibətləri olub. İki ölkə arasındakı münasibətlər dünyada analoqu olmayan qardaşlıq və müttəfiqlik modelidir. Siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və humanitar sahələrdə formalaşmış sıx əməkdaşlıq Azərbaycan ilə Türkiyəni regionun sabitliyinin və inkişafının əsas dayaqlarından birinə çevirib.
Şuşada 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək müttəfiqlik səviyyəsində rəsmiləşdirib. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. Hər iki dövlətin milli maraqları, regional təhlükəsizlik məsələləri və beynəlxalq platformalarda nümayiş etdirdiyi həmrəylik bunun bariz nümunəsidir.
Ortaq tarix, dil və mədəniyyət Azərbaycan ilə Türkiyə arasında möhkəm mənəvi əlaqələr yaratsa da, münasibətlərin əsasını qarşılıqlı etimad, siyasi iradə və ortaq strateji maraqlar təşkil edir. Dünyada oxşar mədəni və etnik köklərə malik xalqlar arasında münaqişələrin yaşandığı bir dövrdə Azərbaycan–Türkiyə modeli region üçün sabitlik, etimad və əməkdaşlıq nümunəsi kimi çıxış edir. Bu münasibətlər təsdiqləyir ki, siyasi iradə və qarşılıqlı hörmət xalqlar arasında uzunmüddətli tərəfdaşlığın əsas şərtidir.
- Ekspertlər artıq ənənəvi hal almış Şuşa Forumunun beynəlxalq miqyasda qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından önəmini xüsusi vurğulayırlar…
- Azərbaycanın xarici siyasətinin əsas prinsipləri qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunmasıdır. Son illərdə ölkəmizin həm regional, həm də qlobal səviyyədə qazandığı nüfuz məhz bu prinsipial siyasətin nəticəsidir. Azərbaycan müxtəlif geosiyasi mərkəzlərlə balanslaşdırılmış münasibətlər quraraq etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.
Şuşa artıq beynəlxalq media dialoqunun, qlobal fikir mübadiləsinin və diplomatik təmasların mühüm ünvanlarından biridir. Burada qeyd edilən fikirlər həm Azərbaycanın mövqeyini ifadə edir, həm də regionun gələcək inkişaf istiqamətlərinə, beynəlxalq əməkdaşlığın perspektivlərinə və qlobal təhlükəsizlik məsələlərinə dair mühüm mesajlar verir.
Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və qlobal dialoqa mühüm töhfələr verən məsuliyyətli dövlət kimi öz mövqeyini daha da möhkəmləndirir. Şuşa Qlobal Media Forumu isə bu siyasətin dünyaya təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi ildən-ilə daha böyük əhəmiyyət qazanır.
