Tovuz döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz Vətəninin müdafiəsi uğrunda sonadək mübarizə aparmağa qadirdir. Bu döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir Elçin Mustafayev, baş əsgər Vüqar Sadıqov, əsgərlər Nazim İsmayılov, Elşad Məmmədov, Xəyyam Daşdəmirov, Elvin Vəliyev və çavuş Vüqar İbrahimov Vətən uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməmizi öz qanları ilə yazdılar. Onların müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, göstərdikləri şücaət isə gələcək nəsillərə vətənpərvərlik nümunəsi olaraq ötürüləcək.
Sərhəd bölgəsində yaşayan tovuzlular həmin günlərdə böyük mərdlik və əzmkarlıq nümayiş etdirərək doğma yurdlarını tərk etmədilər, ordumuzun yanında olduqlarını əməli ilə sübut etdilər. Azərbaycanın hər yerindən insanlar Tovuza üz tutaraq həmrəyliyin və milli birliyin ən parlaq nümunəsini göstərdilər.
Tovuz döyüşləri təkcə hərbi qələbə deyil, həm də xalqın dövlətinə, ordusuna və Ali Baş Komandanına sonsuz inamının təzahürü idi. Məhz bu birlik və qətiyyət cəmi iki ay sonra başlanan 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin mənəvi və hərbi təməlini formalaşdırdı.
Bu gün Tovuz döyüşlərinin ildönümündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Onların göstərdiyi şücaət Azərbaycan xalqının qürur mənbəyi, müasir tariximizin ən şanlı səhifələrindən biridir.
Tovuz Xeyriyyə Cəmiyyəti olaraq inanırıq ki, qəhrəman şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, Tovuz döyüşləri isə Azərbaycanın müasir tarixində Zəfərə aparan yolun başlanğıcı kimi həmişə qürurla xatırlanacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, müstəqil və qalib Azərbaycanımızın daim var olmasını arzulayırıq.
Çingiz Abbasov
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini
