Bu fikirləri “Nipashe Biz Media” xəbər portalının təsisçisi Muigai Anne Nyambura “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında bildirib. O qeyd edib ki, media hansı hekayələrin danışıldığını, hansı səslərin eşidildiyini və hadisələrin hansı dildə təqdim olunduğunu müəyyənləşdirərək dekolonizasiya prosesində əsas rol oynayır. Afrika uzun illər beynəlxalq mediada əsasən münaqişə, yoxsulluq və qeyri-sabitlik kontekstində təqdim olunub. Halbuki qitədə innovasiya, sahibkarlıq, elmi nailiyyətlər və dayanıqlılıq nümunələri kifayət qədərdir.
Muigai Anne Nyambura diqqətə çatdırıb ki, informasiya üzərində nəzarət xalqların dili, mədəniyyəti, ənənələri və tarixi yaddaşının zəifləməsinə səbəb olur. Rəqəmsal media isə yerli icmalara öz narrativlərini qlobal auditoriyaya çatdırmaq üçün yeni imkanlar yaratsa da, dezinformasiya, texnologiyalara bərabər çıxışın olmaması və beynəlxalq medianın dominantlığı kimi problemlər hələ də qalmaqdadır.
Keniyalı media rəhbəri Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi bu kimi beynəlxalq platformaların dekolonizasiya mövzusunda fərqli baxışların səsləndirilməsi və qlobal dialoqun genişlənməsi baxımından mühüm rol oynadığını vurğulayıb.
