Sizin reklam burada
Sizin reklam burada
  • Türk dünyasının birliyinə töhfə

    Həbib Cəfərov
    YAP Astara rayon təşkilatının sədri

    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda dövlət səfərində oldu. Səfərin mühüm məqamlarından biri təbii ki, dost ölkənin Prezidentinin Füzuliyə və Şuşaya səfər etməsi oldu. Dövlətimizin başçısı İlham Əliyev türkmənistanlı həmkarını Füzuli Beynəlxalq Hava Limanında qarşıladı. Təbii ki, bu kimi qürurverici hadisələr hər birimizi sevindirir. Türkmənistan Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış oldu. Şuşada Cıdır düzündə oldu. Prezident İlham Əliyev bu məkanda türkmənistanlı həmkarına “Mərd” adlı Qarabağ atını hədiyyə etdi. Bu kimi mühüm addımlar iki ölkənin dostluq, qardaşlıq münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayır.
    Onu da qeyd edək ki, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir. Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.
    Azərbaycan-Türkmənistan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan və Türkmənistan Prezidentləri həm təkbətək və geniş tərkibdə görüşlərində, həm də mətbuata bəyanatlarında əlaqələrimizin ayrı-ayrı sahələrdə inkişafından, mövcud imkanlardan və qarşıda dayanan hədəflərdən geniş bəhs etdilər. Mətbuata bəyanatında “Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi” söyləyən cənab İlham Əliyev vurğuladı ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq. Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev bildirdi ki, buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq: “Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
    Türkmənistan Prezidenti iki ölkənin əlaqələrinin digər sahələrlə yanaşı, mədəni və humanitar sahədə də inkişafına ayrıca diqqət yetirdi. Bildirdi ki, görüşlər çərçivəsində mədəniyyət xadimlərimiz arasında təmasların davam etdirilməsinə və genişləndirilməsinə, həmçinin hər il Mədəniyyət Günlərinin keçirilməsinə hər iki ölkənin hazır olduğu təsdiqləndi. Nümayəndə heyətimiz bugünkü görüşün nəticələrini yüksək qiymətləndirir. Görüşün yekunlarına dair ikitərəfli mühüm sənədlər zərfi imzalandı. Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir. İkitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə Azərbaycan Prezidentinin böyük şəxsi töhfəsini xüsusi qeyd edən Türkmənistanın dövlət başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Sərdar Berdiməhəmmədov “Dostlug” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür etdi, bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı. Bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.
    Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələrimizi və xalqlarımızı əsrlər boyu mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğuladı.
    Qısa təhlil bu qənaətə əsas verir ki, tərəflər əlaqələrin hazırkı inkişafından məmnundurlar və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün səylər göstərirlər. Bu birlik ümumilikdə Türk dünyasının birliyinə böyük töhfədir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ