Komitə sədri diqqətə çatdırıb ki, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur.
Bildirilib ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Həmçinin, təklif olunan dəyişikliklərə əsasən, təhsilalanların müəyyən edilmiş geyim qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı valideynlərin və digər qanuni nümayəndələrin vəzifələri dəqiqləşdirilir.
Məsələnin müzakirəsində komitə sədrinin müavini Fariz İsmayılzadə, komitə üzvləri Bəxtiyar Əliyev, Ceyhun Məmmədov çıxış edərək, layihə barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, dəyişikliklər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinə, təhsil mühitinin səmərəli təşkilinə və təhsillə bağlı məsələlərə vahid yanaşmanın təmininə xidmət edir.
Müzakirədən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Tamam Cəfərova, Vasif Qafarov, Eldar Quliyev, Elçin Mirzəbəyli, Şahin Seyidzadə, Samir Vəliyev, Mehriban Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
