Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın enerji diplomatiyası

    Aydın Hüseynov
    Milli Məclisin deputatı

    Hazırda keçirilən 31-ci Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, enerji şirkətlərinin rəhbərlərini, investorları və ekspertləri bir araya gətirərək qlobal enerji gündəliyinin müzakirə olunduğu mühüm platformaya çevrilmişdir. Tədbir çərçivəsində Xəzər Neft və Qaz Sərgisi, Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi, həmçinin Bakı Enerji Forumu təşkil edilmişdir.

    Bakı Enerji Həftəsinin Azərbaycan üçün əhəmiyyəti ilk növbədə ölkənin beynəlxalq enerji siyasətində tutduğu mövqenin daha da möhkəmlənməsində özünü göstərir. Müstəqillik dövründə həyata keçirilən uğurlu enerji strategiyası nəticəsində Azərbaycan etibarlı enerji təchizatçısı kimi tanınmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ölkəmizin enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaş kimi nüfuzunu artırmışdır. Hazırda Azərbaycan öz enerji resurslarını Avropa, Türkiyə və region ölkələrinə ixrac etməklə qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.

    Bu proses Azərbaycanın enerji diplomatiyasının inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində müxtəlif ölkələrin hökumət nümayəndələri və aparıcı şirkətləri arasında keçirilən görüşlər yeni investisiyaların cəlb olunmasına, strateji tərəfdaşlıqların qurulmasına və enerji layihələrinin reallaşdırılmasına şərait yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi inkişafına və qeyri-neft sektoruna da müsbət təsir göstərən beynəlxalq əməkdaşlıq platforması rolunu oynayır.

    Tədbirin regional əhəmiyyəti isə daha geniş miqyasda qiymətləndirilməlidir. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və alternativ enerji mənbələrinə keçid prosesləri Xəzər regionunun strateji əhəmiyyətini artırmışdır. Bakı Enerji Həftəsində aparılan müzakirələr region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə, enerji marşrutlarının şaxələndirilməsinə və yeni nəqliyyat-logistika imkanlarının yaradılmasına xidmət edir. Azərbaycan bu prosesdə Xəzər hövzəsini Qara dəniz, Aralıq dənizi və Avropa bazarları ilə birləşdirən mühüm körpü rolunu oynayır.

    Bu gün Bakı Enerji Həftəsi yalnız neft və qaz məsələləri ilə məhdudlaşmır. Tədbirdə yaşıl enerji, bərpa olunan enerji mənbələri, rəqəmsallaşma, süni intellekt texnologiyaları və enerji keçidi kimi mövzular da geniş müzakirə olunur. Bu isə Azərbaycanın gələcək enerji strategiyasının yalnız karbohidrogen ehtiyatlarına deyil, həm də ekoloji dayanıqlılığa və innovativ texnologiyalara əsaslandığını nümayiş etdirir.

    Bakı Enerji Həftəsində səsləndirilən fikirlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan enerji sahəsində regional lider mövqeyini qoruyub saxlayır və yeni istiqamətlər üzrə əməkdaşlığı genişləndirir. Xüsusilə Türkiyə, Gürcüstan və digər tərəfdaş ölkələrlə elektrik enerjisi və yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində aparılan müzakirələr regionun enerji inteqrasiyasında yeni mərhələnin başlanğıcından xəbər verir.

    Bu olduqca əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsinə, ölkənin enerji siyasətinin dünyaya təqdim olunmasına və yeni iqtisadi imkanların yaradılmasına xidmət edən mühüm platformadır. Eyni zamanda bu tədbir regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Xəzər regionunun qlobal enerji xəritəsində strateji mövqeyinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ