YAP Xızı rayon təşkilatının sədri
Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev tərəfindən mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, bu sahənin inkişafı ölkənin iqtisadi təhlükəsizliyi, regionların tərəqqisi və əhalinin sosial rifahı baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdışın təmin olunması ilə bağlı səsləndirdiyi fikir strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu yanaşma kənd yerlərində sosial infrastrukturun gücləndirilməsini, məşğulluğun artırılmasını və insanların öz doğma torpaqlarında daha rahat yaşamalarını hədəfləyir. Son illərdə bölgələrdə müasir məktəblərin, xəstəxanaların və xidmət obyektlərinin tikilməsi də məhz bu siyasətin tərkib hissəsidir.
Aqrar sahədə müşahidə olunan durğunluğun müxtəlif səbəbləri mövcuddur. Bunlardan biri iqlim dəyişiklikləri və su ehtiyatlarının azalmasıdır. Son illərdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri Azərbaycana da təsirsiz ötüşməyib. Quraqlıq, su çatışmazlığı və torpaqların məhsuldarlığının azalması kənd təsərrüfatına mənfi təsir göstərən əsas amillərdəndir. Digər səbəblər sırasında bəzi bölgələrdə müasir texnologiyaların yetərincə tətbiq olunmaması, istehsalın səmərəliliyinin aşağı olması və özəl sektorun aqrar sahəyə investisiyalarının kifayət qədər olmaması göstərilə bilər. Prezident İlham Əliyev məhz bu problemlərin aradan qaldırılması üçün yeni Dövlət Proqramının hazırlanmasının vacibliyini qeyd etmişdir. Bu proqram kənd təsərrüfatının yeni inkişaf mərhələsinə keçidini təmin etməlidir. Hazırlanan yeni Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması, məhsuldarlığın artırılması və aqrar sektorun müasir standartlara uyğunlaşdırılmasıdır.
Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılması da olduqca vacibdir. Dünyada baş verən müharibələr, iqlim dəyişiklikləri və nəqliyyat zəncirlərində yaranan problemlər fonunda hər bir ölkənin daxili istehsal imkanlarını artırması zərurətə çevrilib. Cənab İlham Əliyevin səsləndirdiyi rəqəmlər göstərir ki, Azərbaycan bir çox məhsullar üzrə özünü tam və ya yüksək səviyyədə təmin edir, bəzi sahələrdə isə idxaldan asılılığın azaldılması üçün yeni tədbirlər görüləcək. Xüsusilə buğda, bitki yağları, süd və ət məhsulları üzrə istehsalın artırılması qarşıya əsas hədəf kimi qoyulub.
Cənab Prezident İlham Əliyevin çıxışında aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi, torpaq analizlərinin aparılması, süni intellekt və peyk texnologiyalarından istifadə kimi məsələlərin gündəmə gətirilməsi onu göstərir ki, Azərbaycan kənd təsərrüfatında innovativ və rəqəmsal inkişaf mərhələsinə qədəm qoyur.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanıb. Bu sənəd 2026 – 2030 – cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və
rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidin təmin edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, özəl sektora ciddi mesaj verilməlidir. Sahibkarlar kənd təsərrüfatının inkişafında daha fəal iştirak etməli, bu sahəyə daha çox investisiya yatırmalıdırlar. Dövlət isə bunun üçün əlverişli şərait yaratmağa davam edəcək. Bu yanaşma onu göstərir ki, kənd təsərrüfatının inkişafı yalnız dövlət büdcəsinin hesabına deyil, dövlət və özəl sektor əməkdaşlığı əsasında həyata keçirilməlidir.
Dövlət başçısının çıxışında səsləndirilən məqamlar onu deməyə əsas verir ki, son illər ərzində atılan addımlar ölkənin kənd təsərrüfatı potensialının gücləndirilməsində mühüm rol oynayır və sözsüz ki, bu gün qəbul edilən Dövlət Proqramları aqrar sahənin dayanıqlı inkişafına, bölgələrin sosial-iqtisadi dirçəlişinə güclü təkan verəcəkdir
