YAP Astara rayon təşkilatının sədri
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaradılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etdi. Bununla bağlı imzalanan Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır.
Tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumları, həmçinin paytaxt Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi ölkəmizin şəhərsalma və memarlıq sahəsində mövcud imkanlarının təqdimatı oldu. Azərbaycan hazırda yeni şəhər modelini təqdim edir. May ayının 17-22 tarixlərində ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılışında, tədbir çərçivəsində Liderlərin Sammitində səsləndirilən fikirlər hər birimizdə böyük qürur hissi yaradır. Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi təcrübəsinə malik olduğunu qeyd edən qonaqlar təşkilatçılıqdan məmnunluqlarını ifadə edirlər. Təbii ki, yüksək səviyyədə hazırlıq tədbirin uğurlu nəticələrlə başa çatmasında əhəmiyyətli rol oynayan əsas amillərdəndir.
Dövlət başçısı İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında diqqəti iştirakçıların say tərkibinə yönəldərək bildirdi ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq: “Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar”.
Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna gedən yolundan geniş bəhs edən cənab İlham Əliyev vurğuladı ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər dünyanın diqqətindədir. Şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında aparılan quruculuq işləri özündə bütün yenilikləri əks etdirir. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində ölkəmizdə şəhərsalma fəaliyyəti dayanıqlı inkişafın əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma sahəsində müasir standartlar tətbiq edilir. Bakı və ölkənin digər şəhərlərində həyata keçirilən layihələr sosial-iqtisadi inkişafda mühüm rol oynayır.
