Ulu Öndər Heydər Əliyev fenomeni – bu, təkcə bir insanın deyil, bir xalqın tarixində dönüş nöqtəsi yaradan, millətinin taleyinə yön verən, dövlətçilik məktəbi formalaşdıran nadir şəxsiyyətin adıdır. Heydər Əliyev sadəcə siyasətçi deyil, böyük strateq, uzaqgörən lider və müdrik dövlət başçısı kimi Azərbaycan tarixində silinməz iz qoymuş bir fenomendir. Onun siyasi uzaqgörənliyi, güclü iradəsi və xalqına bağlılığı, ən çətin anlarda belə məsuliyyətdən çəkinməməsi onu xalqın qəlbində “Ulu Öndər” zirvəsinə yüksəltdi. 1993-cü ildə ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda hakimiyyətə gələrək, Azərbaycanı xaosdan xilas etməsi onun fenomenal liderlik qabiliyyətinin bariz nümunəsidir. Heydər Əliyev fenomeni həm də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, iqtisadi inkişafı, beynəlxalq aləmdə tanınması və təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. O, milli maraqları hər zaman üstün tutmuş, Azərbaycançılıq ideologiyasını dövlət siyasətinə çevirmişdir. Bu gün onun yaratdığı dövlətçilik məktəbi, siyasi kursu və milli ideyaları müasir Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyən edir. Heydər Əliyev fenomeni – liderlik, xalq sevgisi və əbədiyaşarlıq rəmzidir.
Kəmalə İbrahimova Göygöl RİHB müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri