Sizin reklam burada
Sizin reklam burada
  • Xankəndindən başlanan tarixi seçki

    Məzahir Əfəndiyev
    Azərbaycan Respublikası
    Milli Məclisinin deputatı

    2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi. 44 gün ərzində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan qonşu Ermənistanın hərbi qüvvələri, eyni zamanda Qarabağ ərazisində qeyri-qanuni məskunlaşmış, müxtəlif mənbələrdən maliyyələşən silahlı birləşmələri məhv edildi, ölkəmizin konstitusion suverenliyini bərpa edildi.
    Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, nəticədə Ermənistan kapitulyasiya aktına imza atdı.
    2023-cü ilin sentyabr ayına qədər davamlı sülhün əldə olunması üçün aparılan diplomatik danışıqların yekununda Azərbaycan Prezidenti müdrik xalqımızın haqqın və ədalətin əldə olunması üçün istinad etdiyi Konstitusiyasını rəhbər tutaraq, bir günlük lokal xarakterli antiterror əməliyyatının həyata keçirməsinə dair qərar verməklə oktyabr ayının 15-də Xankəndidə hər bir azərbaycanlıya canı qədər doğma olan üçrəngli Azərbaycan bayrağını dalğalandırdı, daha sonra 8 noyabr tarixində Xankəndinin şəhər meydanında xalqımızın qürurunu nümayiş etdirən hərbi paradı qəbul etdi.
    Bu gün qloballaşan dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar və bundan irəli gələrək dünya siyasi arxitekturasının yenilənməsi fonunda Azərbaycan yeni dönəmə artıq tam müstəqil, suveren, demokratik inkişafa əsaslanan hüquqi dövlət kimi daxil olur, eyni zamanda davamlı inkişaf gündəliyinin icrasının labüd olduğunu açıq bəyan edir.
    Bu məqsədlə, Prezident İlham Əliyev 07 dekabr 2023-cü il tarixində Azərbaycanda ilk dəfə olaraq ölkənin bütün suveren ərazilərini əhatə edən, Azərbaycan xalqının hər bir üzvünün iştirakını nəzərdə tutan növbədənkənar Prezident seçkilərinin keçirilməsinə dair Sərəncam imzaladı. 07 fevral 2024-cü ildə tarixində suveren Azərbaycan Respublikasında Prezident seçkiləri təşkil olundu və bu seçkilər “Zəfər seçkisi” kimi xalqımız tərəfindən yüksək iştirakçılıqla dəyərləndirildi.
    Bu seçkinin ən böyük əlamətdar və tarixi əhəmiyyəti ondan ibarətdir ki, 200 illik dövlətçilik tarixi olan Azərbaycanın bütövləşmiş ərazisinin hər bir şəhər, rayon və kəndində bu seçkilər təşkil olunmuşdu. Ali Baş Komandan olaraq ərazilərimizi işğaldan azad edən, müzəffər Azərbaycan Ordusuna əmr verən İlham Əliyev bu seçkilərdə səsini məhz Xankəndində verməklə Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcının əsasını qoydu.
    Ölkəmizdə növbədənkənar Prezident seçkilərinin təşkilati işlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun aparılmasını müşahidə etmək üçün Azərbaycana dəvət olunmuş mütəxəssislər, jurnalistlər, media və beynəlxalq təşkilatlarla yanaşı, dünya ölkələrinin parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı yüksək səviyyədə təşkil olundu. Ölkəmizə təşrif buyurmuş nümayəndə heyətlərindən biri də Azərbaycanla strateji tərəfdaş olan, Avropada, Balkanlarda yerləşən, müsəlman icmasının kompakt şəkildə yaşadığı Bosniya və Herseqovina Parlamentinin hər iki palatasının üzvlərindən ibarət oldu.
    Son illərdə həyata keçirilmiş infrastruktur islahatları, habelə xalqımızın qonaqpərvərliyi, dövlətimizin multikultural dəyərlərə sadiqliyi, eləcə də Azərbaycanın davamlı inkişaf gündəliyinə əvəzsiz töhfələri müşahidə missiyalarının nümayəndə heyətlərinin bəyanatlarında öz əksini tapdı. Azərbaycana dost dövlətlər və Azərbaycanda akkreditasiyadan keçmiş rəsmi nümayəndə heyətləri Azərbaycan xalqının sərvətinə çevrilmiş, layiqli oğlu İlham Əliyevin qədirbilən Azərbaycan xalqı tərəfindən yüksək ehtiramla qiymətləndirilməsini xüsusi vurğu ilə öz təbriklərində ifadə edirlər.
    Beləliklə, Azərbaycan Respublikasında 07 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının qəhrəman və sərkərdə övladı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin möhtəşəm qələbə qazanması münasibəti ilə bütün seçicilərimizi ürəkdən təbrik edir, Azərbaycanın bundan sonrakı davamlı inkişafının xeyirli, uğurlu olması istiqamətində hər bir Azərbaycanlının dövlətimizin tərəqqisi naminə səy və bacarıqlarını əsirgəməmələrini, birgə, yorulmaz fəaliyyətimizi arzulayıram.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ