Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Ən böyük problemlərdən biri də müntəzəm şərnişin daşımadadır"

    "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi haqqında Qanun layihəsini əvvəlcədən deyim ki, dəstəkləyirəm və bu dəyişiklikləri avtomobil nəqliyyatı sahəsində, o cümlədən istər taksi xidməti, istər sərnişin, istərsə də yük daşıma sahəsində mütərəqqi, mövcud reallığa hesablanmış bir addım kimi dəyərləndirirəm. Qanun layihəsi ilə bağlı, 1-ci oxunuşun tələblərinə uyğun olaraq bəzi fikirlərimi də bildirmək istəyirəm."
    Bu fikirləri Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat İltizam Yusifov səsləndirdi. O, qeyd etdi ki, Qanun layihəsi ilə bağlı arayışda tıxacların yaranmasında taksilərin rolu göstərilir. Bəli rolu var, amma mən hesab edirəm ki, bu, taksilərin çoxluğundan yox, daha çox taksilərin qaydalara riayət etməməsindən və taksi xidmətlərinin nəzarətsizliyindən irəli gəlir:
    "Dünyanın ən inkişaf etmiş ölkələrdən olan, ictimai nəqliyyatın yüksək səviyyədə olmasına baxmayaraq, ucuz taksi xidməti təklif edən Sinqapurda insanlar əsasən taksidən istifadə edir. Bizdə isə ictimai nəqliyyatın yaxşı vəziyyətdə olmaması fonunda hesab edirəm ki, taksilərin çox olması qəbul ediləndir. Ya da ictimai nəqliyyat yüksək səviyyədə təşkil olmalıdır, yəni digər yerüstü nəqliyyat vasitələri- tramvay, trolleybus, elektrobus və s. təklif olmalıdır.
    Rəsmi statistikaya görə 2013-cü ildən 2021-ci ilə qədər ölkə əhalisinin sayı 763 min nəfər artdığı halda, avtobusların sayı bu dövrdə cəmi 481 ədəd artıb. Bəs, bu insanları necə daşıyaq? Düzdür, əvəzində minik avtomobillərinin sayı 300 min ədəd artıb və bu da lisenziyasız taksi xidmətinin artmasına şərait deməkdir.
    Taksi fəaliyyəti ümumilikdə məsuliyyətli bir xidmət növüdür. Taksi fəaliyyəti həm də bir mədəniyyətdir. Vaxtında Bakıya London taksilərinin gətirilməsinin özü, hesab edirəm ki, taksi mədəniyyətinin formalaşması məqsədini daşıyırdı. Təsadüfi deyil ki, dünyada London, Sinqapur, Nyu-York və s. şəhər taksiləri artıq brend sayılırlar. Bu baxımdan taksilərin hərəkət marşrutu, sürəti və qayda-qanuna əməl etməsi, bütün bunlar hamısı nəzarətdə olmalıdır. Çünki burada insan həyatından, təhlükəsizlikdən söhbət gedir. Bu qanun artıq Taksi fəaliyyəti xidmətının təkmil hüquqi bazasını yaratmaqla, insanlara təhlükəsiz və keyfiyyətli xidmət növü təklif edir. Taksi, sərnişin və yükdaşıma fəaliyyəti özfəaliyyət yox, mütləq lisenziyalı olmalıdır. Hər bir nəqliyyat vasitəsinin fəaliyyəti üçün xüsusi buraxılış kartının olması da vacibdir. Bütün bunlar artıq qanun layihəsində təklif olunur."
    İltizam Yusifov onu da vurguladı ki, Qanunda söhbət tək taksidən getmir. Ən böyük problemlərdən biri də müntəzəm şərnişin daşımadadır:
    "Qanunda Şəhərlərarası, rayonlararası müntəzəm sərnişin daşımanın kağız və elektron bilet-uçot vərəqi əsasında həyata keçirilməsi nəzərdə tutulur. Bu, həm də sərnişinlərin icbari fərdi qəza sığortasının işləməsi başımından da çox vacibdir. Mən sərnişinlərin icbari fərdi qəza sığortasının işləməməsi ilə bağlı Plenar iclaslarda bir neçə dəfə çıxış etmişəm. Və artıq bu məsələ "Yol hərəkəti haqqında" qanunda öz əksini tapıb, belə ki, avtobusların texniki baxışı zamanı bu sənəd artıq elektron formada tələb olunur. Buna baxmayaraq, hesab edirəm ki, icazə sənədləri içərisində sərnişinlərin icbari fərdi qəza sığortası haqqında məlumatın olması da yaxşı olardı.
    Qanunda Şəhərlərarası, rayonlararası müntəzəm sərnişin daşımanın başlanğıc, aralıq və son nöqtələrinin avtovağzallar (avtostansiyalar) olması təklif olunur. Əslində rayon və şəhərlərdəki avtovağzallar artıq keçən əsrin 90-ci illərin əvvəllərində özəlləşdirilib, bəziləri də təyinatı üzrə işləmirlər. Elə rayonlar var ki, avtovağzal binası şadlıq sarayı və ya market kimi fəaliyyət göstərir. Bundan əlavə 7.1-1 maddəsi əlavə olunur və burada göstərilir ki, əhalisi 300 minədək olan rayon və şəhərlərdə 1, 300 mindən artıq olan rayon və şəhərlərdə 2 və daha çox Avtovağzal və avtostansiya ola bilər. 300 minlik şəhər işə çox böyükdür və şəhərlərin bir neçə giriş-çıxışı olur. Bu baxımdan təklif edirəm ki, 300 minədək olan şəhərlərdə də bir neşə avtovağzal və ya avtostansiyanın olması daha düzgün olardı. Bu, insanların həm rahatlığı və həm də kiçik avtostansiyaların daha tez tikilməsi, istismara verilməsi baxımından daha real və praktik olar."- Deputat dedi.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ