Bunu atributinfo.az-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu cür hərbi təxribatlarla erməni tərəfi sülhdə maraqlı olmadığını nümayiş etdirir: “Mühüm diplomatik görüşlər ərəfəsində və ondan sonra şərti sərhəddə hərbi təxribatların törədilməsi də bunu təsdiqləyir. Fakt odur ki, Brüssel görüşü ərəfəsində, 11-13 may tarixlərində Ermənistan Kəlbəcər istiqamətində ordumuzun mövqelərini minaatanlardan, toplardan və digər iriçaplı silahlardan atəşə tutub. Sözsüz ki, qalib və güclü Azərbaycan Ordusu qarşı tərəfin cavabını layiqincə verir. Çox təəsüf ki, Ermənistanın hərbi təxribatlarının qarşısı alınarkən iki hərbi qulluqçumuz şəhid oldu. Qəhrəman qalib Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı və düşmənə növbətə dəfə sarsıdıcı zərbə vuruldu”.
/atributinfo.az/
Deputat hesab edir ki, Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında keçirilən danışıqlar fonunda baş verməsi rəsmi İrəvanın sülh prosesində maraqlı olmadığını göstərir: “Mayın 14-də Brüsseldə liderlərin görüşünün başa çatmasından sonra da erməni tərəfi növbəti dəfə sərhəddə təxribata əl atdı. Belə ki, həmin gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutdu. Mayın 18-də isə Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində erməni tərəfi mövqelərimizə qarşı döyüş PUA-larından istifadə etməklə hərbi təxribat törədib. Bu hərbi təxribatların liderlərin Brüssel görüşündən sonra törədilməsi müəyyən suallar doğurur. Reallıq odur ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır”.
Aqil Məmmədova görə, bu cür hərbi təxribatlarla rəsmi İrəvanın özü üçün daha ciddi problemlər yaradacaq: “Çünki döyüş meydanında kapitulyasiya aktına imza atmış dövlət mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına uyğun olaraq götürdüyü öhdəliklərə əməl etməyə borcludur. Ermənistana yenidən ərköynlük etməyə sövq edən Fransa kimi dövlətlər isə öz maraqlarına görə regionda daimi sülhü olmasına mane olur və burada gərginlik ocağının saxlanmasına çalışır. Ermənistan hakimiyyəti isə baş verənlərə görə nəhayət öz məsuliyyətini dərk etməli və təxribatlara son qoymalıdır. Əks halda Azərbaycan “Dəmir Yumruq” zərbəsi ilə qarşı tərəfi növbəti dəfə srt şəkildə cəzalandıracaq”.
