Sizin reklam burada
Sizin reklam burada

Tariximizin ən parlaq səhifəsi – Zəfər paradı

Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı

İki il öncə Azadlıq meydanında keçirilən Zəfər paradı tariximizin ən parlaq səhifələrindən biridir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3 min Azərbaycan hərbçisi ilə yanaşı türk əsgər və zabitləri, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak ediblər. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.
Zəfər paradında qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən digər rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi tarixi əhəmiyyət kəsb edirdi.
Bu parad 1918-ci il 15 sentyabrda Bakının daşnak-bolişevik qüvvələrindən təmizlənməsinin şərəfinə keçirilmiş Qələbə paradı ilə müqayisə oluna bilər. Hər iki parad, yürüş İslam-Türk dünyasının həmrəyliyinin, yüksəlişinin göstərişi idi.
Hər iki hadisənin böyük siyasi və rəmzi mənaları var. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq. Vətən müharibəsinin hər günündə Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu baxımdan, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da gücləndi, sarsılmaz oldu.
Prezident İlham Əliyevin vurğuladığı kimi: "Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”. Türkiyə hərbçilərinin paraddakı keçidi həm də Ermənistanın havadarlarına verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar”.
Cənab İlham Əliyev ardıcıl və cəsarətli, dəqiq siyasi addımlarla 17 il ərzində bizi tarixi qələbəmizə yaxınlaşdırırdı. Dövlət başçısının çoxşaxəli siyasi fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldi, dostlarımızın sayı artdı. Dünya artıq bizi məğlub, özü ərazi bütövlüyünü təmin edə bilməyən bir xalq kimi deyil, təmkinli və güclü, sülhpərvər və düşmənə qarşı amansız dövlət, toplum kimi qəbul edir. XXI əsrin döyüş qabiliyyətli, müasir Ordusunu yaratdıq, hərbi sənaye kompleksimizi qurduq, öz silahlarımızı istehsal etdik. Ən əsası, Cənab İlham Əliyevin rəhbərliyi dövründə milli ruhda böyümüş və vətənpərvərlik tərbiyəsi almış cəsarətli və nikbin gənc nəsil yetişdirə bildik. Azərbaycana qələbə qazandıran igidlərimiz Cənab İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvər ruhda yetişən gənclər idi.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qaldı. Ermənistanın davam edən təxribatçı addımları müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə üstünlük verirdi. Sülh addımları dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi.Amma təəssüflər olsun ki, Ermənistanın siyasi rəhbərliyi dövlətimizin bu jestini, şansı düzgün qiymətləndirə bilmədi. Sonda Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsini həyata keçirməli oldu.
“Dəmir yumruq” adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatdı. Cənab Prezidentin dəmir yumruğunun gücü ilə Milli Ordumuz düşmənin başını əzdi, onu rəzil günə saldı. Müharibədən iki il keçməsinə baxmayaraq Ermənistan ordusu, erməni dövləti hələ də özünə gələ, toparlana bilmir.
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə və dünya ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ