"Bu gün müzakirə etdiyimiz qanun layihəsi ölkənin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biridir. Əgər demokratik göstəricilərin ölçüldüyü meyarlara baxsaq, görərik ki, istənilən ölkədə partiyanın fəaliyyəti məhdudlaşdırılırsa, bu belə qəbul olunur ki, o ölkədə demokratik prinsiplər o qədər də priaritet deyil. Biz müzakirə etdiyimiz bu qanunda bütövlükdə görürük ki, partiyaların fəaliyyəti daha da genişləndirilir və partiyanın cəmiyyətə inteqrasiyası, eləcə də ictimai-siyasi proseslərdə iştirakı üçün çox mühüm bir baza yaradılır. Eyni zamanda, partiyanın təkcə ölkə daxili yox, beynəlxalq əlaqələrinin də genişləndirilməsi üçün qanun layihəsində mühüm müddəalar var. Əgər konkret desək, müzakirə etdiyimiz qanun layihəsi həmişə olduğu kimi, ölkədə aparılan siyasətin, ölkə prezidenti tərəfindən aparılan siyasətin bir amalı var; Azərbaycan vətəndaşı, onun sosial rifahı halı, Azərbaycan vətəndaşının özünün rahat və azad hiss etməsi. Bütün bunlar elə bu qanun layihəsinin özündə də göstərilir." Bu fikirləri Milli Məclisin bu gün-dekabrın 6-da keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deputat Aydın Hüseynov səsləndirdi. Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ictimai-siyasi həyatındakı iştirakı və eləcə də öz iradəsini ifadə etməsi baxımından qanun layihəsi mükəmməl hazırlandığını dilə gətirən millət vəkili bütövlükdə qanunun bütün maddələrini diqqətlə oxuduğunu və parlamentdə də öz şəxsi həyatında partiya ilə bağlılığı olan sədrlərin də yetərincə olduğunu qeyd etdi. "Vaxtilə rayon təşkilatında təmsil olunduğum üçün bu məslələrə ekspert qismində də yanaşmışam və bir daha deyə bilərəm ki, qanun çox mükəmməl hazırlanıb. Lakin texniki baxımdan, bəzi fikirlərimi də səsləndirmək istərdim. Deputat həmkarım Kamilə xanımda o sualı qaldırdı, tam fəaliyyət qabiliyyəti olan yəni, bu partiyanın həm təsis olunmasında həm də ilk üzv olmaqda bu əsas bir meyar kimi götürüldüyü üçün bunu əsas anlayışlar sırasına daxil edib, izahat verilməlidir. Çünki tam fəaliyyət qabiliyyətli bəzən burda fiziki qüsürlu başa düşülür və yaxud da əlilliyi olan kimi də başa düşülə bilər. Əslində çox düzgün bir yanaşmadır ki, burda psixoloji baxımdan "tam qabiliyyətli" ifadəsi işlənilir. Bunun əsas anlayışlara aid olunması, izah olunması daha müfəssəl olar. Bir də 3.1 maddəsində "hər kəs" sözü hər bir Azərbaycan vətəndaşı sözü ilə ifadə olunsa, hesab edirəm düzgün olar. 11.1.2-də "ictimai rəyin formalaşmasına təsir göstərir", təsir göstərir yox iştirak edir sözü daha yaxşı olar. Bir də ictimai rəyə hansı təsiri göstərir? Düzdü, sonradan izahat olunur, ancaq burada ictimai rəyə təsirin bir məhdudiyyəti olmalıdır, hansı təsiri göstərir. 12.1.12 maddəsində partiyanın hüquq və vəzifələri bölməsində "sahibkarlıqla məşğul olmaq" əslində həm ondan əvvəlki maddədə izah olunur, həm də sonrakı maddədə izah olunur ki, sahibkarlıqla məşğul ola bilməz. Ancaq "hüquqlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq" yazılır. Mənə elə gəlir ki, ümumiyyətlə bu i sahibkarlıq ifadəsinin işlənməsi artıqdır, çünki deyirik partiyanın özü qeyri-kommersiya təşkilatıdır. Yəni, 12.1.12 maddəsinin ümumiyyətlə işlənməməsi düzgun olar. Çünki 12.1.12 və 12.2-də bu çox rahat şəkildə izah olunur. Yəni, nəşriyyat işlərində poliqrafiya və bu kimi işlərlə məşğul olması ilə bağlı ifadələr var"-deputat vurğuladı.