Bu gün Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndələrindən biri, peşəkar tar müəllimi, xanəndə və sənətə bağlı ziyalı şəxsiyyət Əhmədov Mail Rəfail oğlunun doğum günüdür.
Sənətə bağlılıq onun üçün sadəcə peşə seçimi deyil, nəsildən-nəslə ötürülən mənəvi bir mirasdır. Mail müəllim Azərbaycan xanəndəlik sənətinin tanınmış simalarından olmuş, ömrünün sonunadək ziyalı mövqeyi, sənətə və milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilən atası Rəfail Əhmədovun sənət və həyat məktəbindən bəhrələnib. Əmisi, tanınmış xanəndə Mehman Əhmədov da bu sənət ocağının formalaşmasında xüsusi yeri olan sənətkarlardandır. Belə bir sənət mühitində, musiqinin nəfəsi ilə yoğrulmuş bir ailədə və Laçının əzəmətli dağları qoynunda dünyaya göz açmaq, sözün əsl mənasında, taleyin insana bəxş etdiyi böyük bir mənəvi sərvətdir.
Mail müəllim ali təhsilini tar ixtisası üzrə alaraq Azərbaycan milli musiqisinin incəliklərini peşəkar səviyyədə mənimsəyib. Uzun illər xanəndə və müğənni kimi sənət fəaliyyətini davam etdirərək müxtəlif məclislərdə Azərbaycan musiqisini sevdirib, dinləyicilərə çatdırıb. Lakin onun sənət yolunun ən mühüm və dəyərli istiqamətlərindən biri də əldə etdiyi bilik və təcrübəni gənc nəslə ötürməsidir.
Bu gün də müəllim kimi fəaliyyətini davam etdirən Mail Əhmədov tələbələrinə musiqinin sirlərini yalnız nəzəri biliklərlə deyil, illərin sənət təcrübəsi, ustad ənənəsi və milli musiqiyə sevgi ilə aşılayır. Çünki əsl sənətkarın böyüklüyü yalnız yaratdıqları ilə deyil, özündən sonra yetişdirdiyi sənətçilərlə də ölçülür. Bu mənada onun müəllimlik fəaliyyəti sənət ənənəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Hörmətli Mail müəllim, doğum gününüz mübarək olsun!
Qartalların zirvə seçdiyi Laçında dünyaya göz açmısınız; dağların vüqarı, yurdun nəfəsi sənətinizə hopub. Siz Azərbaycan musiqisini yalnız öyrətmir, onun dili ilə milli ruhumuzu nəsildən-nəslə yaşadırsınız.
Bu gün Laçının zirvələrində azadlıq, Kəlbəcərin dağlarında Zəfər nəğməsi səslənir. Qoy ömrünüz də o dağlar kimi uca və məğrur, ruhunuz azad Laçın kimi vüqarlı, yolunuz Zəfər zirvələri kimi işıqlı olsun.
Sizə dağ əzəmətli ömür, zirvələrə yaraşan sənət yolu arzulayıram!
Səfər Şakiroğlu
Tədqiqatçı-jurnalist
