Sizin reklam burada
Sizin reklam burada
  • Tariximizin yaddaşı: Qərbi Azərbaycan mədəni irsi - Yevlaxda mühüm tədbir

    Qərbi Azərbaycan İcması və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mədəni irsi tariximizin yaşayan yaddaşıdır!” adlı tədbir keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Sonra Qərbi Azərbaycan həqiqətlərini əks etdirən sənədli foto-sərgi ilə tanışlıq olub.

    Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Qərbi Azərbaycandan olan soydaşların Yevlaxda məskunlaşması tarixindən və rayon ərazisində onların sosial-mədəni həyatının dəstəklənməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. O bildirib ki, hazırda Yevlax rayonu ərazisində əslən Qərbi Azərbaycandan olan 18 mindən çox sakin qeydiyyata alınıb. Anar Tağıyev Qərbi Azərbaycan məsələsinin milli yaddaş baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, rayonda yaşayan Qərbi azərbaycanlıların öz tarixi-mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına yönəlmiş təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini bildirib.

    Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanın tarixi, bu ərazilərin Azərbaycan xalqının qədim yaşayış məkanlarından biri olması, burada formalaşmış zəngin maddi və mənəvi irs barədə danışıb. O, azərbaycanlıların müxtəlif dövrlərdə tarixi torpaqlarından deportasiya və zorakı köçlərə məruz qalmasına diqqət çəkərək, bu hadisələrin milli yaddaşda qorunmasının vacibliyini vurğulayıb.

    Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında Qərbi Azərbaycan yaddaşının qorunmasında qadınların və anaların xüsusi rolunu vurğulayıb. O bildirib ki, deportasiya və məcburi köç prosesinin canlı şahidi olmuş insanların xatirələri, ailələrdə nəsildən-nəslə ötürülən məlumatlar, qadınların və anaların yaddaşında qorunan yurd xatirələri Qərbi Azərbaycanın tarixi yaddaşının mühüm hissəsidir.

    Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsi və qorunmasının əhəmiyyətindən danışıb. O, milli-mədəni dəyərlərin, folklorun, şifahi xalq ədəbiyyatının, adət-ənənələrin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Qərbi azərbaycanlıların öz ata-baba yurdları ilə bağlı xatirələrinin, ailə tarixlərinin və şahid ifadələrinin sənədləşdirilməsinin mühüm olduğunu qeyd edib.

    Qərbi Azərbaycan İcmasının ictimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxışında Qərbi Azərbaycan yaddaşının qorunmasında medianın rolundan danışıb.

    Çıxışlardan sonra əslən Qərbi Azərbaycandan olan sakinlərə İcmanın üzvlük vəsiqələri təqdim olunub.

    Tədbir bədii hissə ilə davam edib.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ