Sizin reklam burada
Sizin reklam burada
  • MİRMAHMUD AĞA – SÖZÜNÜN, ƏMƏLİNİN VƏ ÖMÜR YOLUNUN AĞASI!

    Bu gün Azərbaycanın ictimai-siyasi həyatında, xüsusilə milli-azadlıq hərəkatında özünəməxsus yeri, çəkisi və rolu olan, müstəqilliyimizin yenidən bərpası, onun əbədi və geriyədönməz xarakter alması, dövlətçiliyimizin möhkəmlənməsi uğrunda həyatının böyük bir hissəsini mübarizəyə həsr etmiş görkəmli ictimai-siyasi xadim Mirmahmud Mirəli oğlu Fəttayevin – Mirmahmud Ağanın 70 illik yubileyidir!
    70 il...
    İnsan ömrü üçün sadəcə rəqəm deyil bu. Arxasında bir həyat, bir tale, bir mübarizə, bir yol, bəzən də bir insanın çiyinlərində daşıdığı bütöv bir millətin ağrısı və arzuları dayanır.
    Mirmahmud Ağanın həyat yoluna nəzər salmaq və bu yolu dəyərləndirmək, əslində, həm asandır, həm də çətindir.
    Asandır ona görə ki, onun ünvanına nə qədər xoş söz, nə qədər dəyərli ifadə, nə qədər bəlağətli cümlə yazsan da, yenə az görünəcək. Onun şəxsiyyətindəki mübarizliyi, sədaqəti, mərdliyi, əqidəyə bağlılığı, millətinə və dövlətinə sevgini bir neçə cümləyə, bir neçə yazıya sığdırmaq mümkün deyil.
    Çətindir ona görə ki, Mirmahmud Ağanın keçdiyi ömür yolunun əhəmiyyətini yazmaq və fikri ifadə etmək elə də asan iş deyil…
    Bu yol gül-çiçəklə döşənmiş yol olmayıb.
    Bu yol bəzən ağır sınaqlardan, bəzən təzyiqlərdən, bəzən itkilərdən, bəzən də insanın iradəsini sınağa çəkən amansız dönəmlərdən keçib.
    Amma o, hələ yeniyetməlik və gənclik çağlarından seçdiyi yolun asan olmayacağını bilirdi.
    Bilirdi ki, bu yol uzun incə yoldur. Lap “sirat” körpüsü tək…
    Bilirdi ki, bu yolun ağır bədəlləri var.
    Bilirdi ki, əqidəyə sahib çıxmaq, haqq bildiyin sözü demək, milləti, Vətəni, dövləti və dövlətçiliyi müdafiə edib, onun inkişafı uğrunda mübarizə aparmaq heç də asan olmur.
    Buna baxmayaraq, o yolu seçdi!
    Və seçdiyi yoldan dönmədi!
    Onu büdrətmək istəyənlər oldu.
    Onu sındırmaq istəyənlər oldu.
    Onu əymək, susdurmaq, yolundan çəkindirmək istəyənlər oldu.
    Amma Mirmahmud Ağa sözün əsl mənasında AĞA kimi dik dayandı!
    Əyilmədi!
    Sınmadı!
    Başını dik tutmağı bacardı!
    Ağır bədəllər ödəsə də, əqidəsindən vaz keçmədi.
    Çünki bəzi insanlar həyatın qarşısında əyilmək üçün yox, həyatın bütün sınaqlarına baxmayaraq ayaqda qalmaq üçün doğulurlar.
    Mirmahmud Ağa da belə insanlardandır!
    O, başını yalnız Uca Allahın qarşısında əyən insanlardan oldu.
    İnancına, mənəvi dəyərlərinə sığınaraq yoluna davam edən, Allahın bəndəsinə qul olmağı deyil, yalnız Allaha bəndə olmağı şərəf sayan insanlardandır.
    Elə buna görə də onun adının qarşısında illərdir böyük bir ehtiramla işlədilən “Ağa” sözü sadəcə müraciət forması deyil.
    Bu, bir xarakterdir!
    Bu, bir həyat fəlsəfəsidir!
    Bu, bir şəxsiyyət ölçüsüdür!
    Mirmahmud Ağa “Ağa” titulunu sadəcə ona belə müraciət edildiyi üçün daşımır.
    O, AĞALIQ etməyi bacardığı üçün Ağadır!
    Öz sözünün ağası olduğu üçün Ağadır!
    Verdiyi vədə sahib çıxdığı üçün Ağadır!
    Əməlinə cavabdeh olduğu üçün Ağadır!
    Əqidəsini satmadığı, yolunu dəyişmədiyi, başını dik tutduğu üçün Ağadır!
    İnsanın böyüklüyü onun yaşı ilə ölçülmür.
    İnsanın böyüklüyü tutduğu vəzifə ilə ölçülmür.
    İnsanın böyüklüyü sahib olduğu sərvətlə, mənsəblə, şöhrətlə ölçülmür.
    Bəzilərini vəzifə böyük göstərir.
    Bəzilərini isə vəzifəsindən, mövqeyindən və imkanından asılı olmayaraq, şəxsiyyəti böyük edir!
    Mirmahmud Ağanın böyüklüyü də məhz budur.
    O, sözün hər mənasında BÖYÜK İNSANDIR!
    Səmimiyyəti ilə böyükdür.
    Etibarı ilə böyükdür.
    Zəhmətkeşliyi ilə böyükdür.
    Dostuna, silahdaşına, insana dəyər verməyi bacarması ilə böyükdür.
    Mübarizliyi ilə böyükdür.
    Əqidəsi ilə böyükdür.
    Millətinə, Vətəninə və dövlətinə sədaqəti ilə böyükdür!
    Mirmahmud Ağa milli düşüncənin, milli mübarizənin və milli idealların daşıyıcısıdır.
    O, Böyük Azərbaycan ideyasına inananlardandır!
    O, Bütöv Azərbaycan amalını yaşadanlardandır!
    O, Turan sevdasını sadəcə dilində deyil, düşüncəsində, mübarizəsində və həyat yolunda daşıyanlardandır!
    Hər bir insan ömür yolunun müəyyən bir mərhələsində dönüb geriyə baxır və özünə bir sual verir:
    “Mən bu həyatda nə etdim?”
    “Nə iz qoydum?”
    “Məndən sonra nə qalacaq?”
    Bu suallara cavab vermək hər insan üçün asan deyil.
    Amma Mirmahmud Ağa üçün 70 illik ömür yoluna baxmaq həm qürurverici, həm də böyük bir hesabatdır.
    Çünki onun bu millət, bu dövlət, bu Vətən, Bütöv Azərbaycan ideyası və Türk dünyası üçün gördüyü işləri bir yazıya sığdırmaq mümkün deyil.
    Bu 70 ilin hər ili bir yaddaşdır.
    Hər dövrü bir mübarizədir.
    Hər izi bir əqidənin, bir sədaqətin və bir insanın öz xalqına bağlılığının ifadəsidir.
    Əlbəttə, Mirmahmud Ağa haqqında deyiləcək, yazılacaq hələ çox söz var.
    Onun bu millət, bu dövlət, Bütöv Azərbaycan və Turan üçün həyata keçirmək istədiyi hələ çox arzuları, ideyaları və niyyətləri var.
    Çünki böyük insanların arzuları heç vaxt yalnız özləri üçün olmur.
    Onların arzuları millətin gələcəyi ilə bağlı olur!
    Onların düşüncəsi Vətənin sabahına yönəlir!
    Onların mübarizəsi bir ömürlə bitmir!
    Bu gün 70 yaşını qeyd edən Mirmahmud Ağa həyatın ona verdiyi bütün sınaqlardan keçərək, öz adını və şəxsiyyətini qoruyub saxlamağı bacaran insanlardandır.
    Bu, hər kəsə nəsib olmur!
    Çünki yaşamaq başqadır, iz qoyaraq yaşamaq başqa!
    Varlıq göstərmək başqa, şəxsiyyət olmaq başqa!
    Vəzifə sahibi olmaq başqa, hörmət sahibi olmaq başqa!
    Mirmahmud Ağa isə hörməti və ehtiramı tutduğu mənsəbdən deyil, öz şəxsiyyətindən qazanan insanlardandır!
    Bu gün biz sözünün və əməlinin ağası olan AĞANI 70 illik yubileyi münasibətilə böyük ehtiram və səmimiyyətlə təbrik edirik!
    Hörmətli Mirmahmud Ağa!
    Keçdiyiniz yol bu millətə, bu dövlətə və bu Vətənə sədaqətin nümunəsidir.
    Sizin mübarizliyiniz, əqidənizə bağlılığınız, dik duruşunuz və insanlığınız sizi tanıyanların qəlbində xüsusi bir yer qazanıb.
    Arzu edirik ki, qarşıdakı illəriniz də keçdiyiniz şərəfli və mənalı ömür yolu kimi bərəkətli olsun!
    Uca Allah Sizə möhkəm can sağlığı, uzun və bərəkətli ömür versin!
    Allah Sizi ailənizin, dostlarınızın, silahdaşlarınızın, bu millətin və bu Vətənin başı üzərindən əskik etməsin!
    70 yaşınız mübarizə ilə keçən şərəfli bir ömrün daha bir zirvəsidir!
    Hələ görüləcək işlər, həyata keçiriləcək arzular, yaşadılacaq ideallar çoxdur!
    Sözünün, əməlinin və əqidəsinin ağası olan MİRMAHMUD AĞA, 70 illik yubileyiniz mübarək!
    YAŞA, AĞA!
    VAR OL, AĞA!
    DİK DAYAN, AĞA!
    Çünki Sizin kimi insanlar bir millətin yaddaşında sadəcə ad kimi yox, ŞƏXSİYYƏT kimi yaşayırlar!


    Mürtəza Bünyadlı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ