O boşluq sənə aid idi, unudulmaz dostum, əvəzsiz sirdaşım Hadı…. Gözlərim qeyri-ixtiyari yan tərəfə dikilirdi. Elə bilirdim indi əlini çiynimə qoyub, özünəməxsus enerjinlə qulağıma təbəssümlə nəsə pıçıldayacaqsan. İndi içimdə elə bir sükut var və mən o boşluqda sənin səsini, özünü axtarıram, əziz dostum.
Tamaşadan sonra Bakıdan gedən adını çəkdiyim dostlarım fikirlərini bölüşdülər, onların arasında sənin yerin necə də görünürdü, Hadı...
Səninlə keçən 70 illik dostluğumuz, sadəcə, təqvim yarpaqları deyil, hər sətri birgə yazdığımız bütöv bir kitab imiş, indi o kitabın son səhifəsi qəlbimə ağır bir daş kimi çöküb.
Bizə həmişə "qoşa qanad" deyərdilər. Sənin ağır dəfn günündə Milli Məclisdəki həmkarımız Fəzail İbrahimlinin göz yaşları içində dediyi o sözlər hələ də qulaqlarımda səslənir: "Siz qoşa qanad idiniz, indi o qanadın biri qırıldı. Sənə bundan sonra o tək qanadı qorumaq düşür..."
Ötən gecə qəribə, nurlu bir yuxu gördüm. Hər tərəf bəmbəyaz qara bürünmüşdü, sanki dünya bütün çirkinliklərdən arınıb paklanmışdı. Mən idim, sən idin, bir də üzünü dumanlı gördüyüm başqa bir dostumuz. Uşaq kimi şənlənərək bir-birimizə qartopu atır, gülüşür, zarafatlaşırdıq. O qədər real yuxu idi ki... Səhər oyananda "Allah xeyrə calasın" pıçıldadım. Düşündüm ki, anım günün ərəfəsində bu şəkildə yenidən özünü xatırladıb yaddaşımı təzələyirsən. Halbuki aramızdan cismən ayrıldığın 2 il ərzində sən bir gün də olsun mənim yadımdan çıxmayıbsan. O nurlu yuxu mənə pıçıldayır ki, sən artıq bütün dünya ağrılarından arınıb, bizim o ən məsum və qayğısız anlarımıza - əbədi uşaqlığımıza qayıtmısan.
Biz səninlə yalnız dost deyildik, Hadı, iki ayrı bədəndə döyünən bir ürək idik. Köklərimiz Lənkəranın o rütubətli, bərəkətli torpağına, 2 nömrəli orta məktəbin ibtidai sinif partasına qədər uzanır. Sən mənim uşaqlığımın, gəncliyimin və ən əziz xatirələrimin canlı şahidi idin.
Səninlə uşaqlıq xatirələrimiz "Spartak" kinoteatrının önündəki səs-küylü izdihamda, doğma Lənkəranın küçələrində yaşayır. Bir dəfə bərk dalaşmışdıq, bizimki uşaqlıq inadı idi. Amma sən də kin saxlamazdın, ürəyin tərtəmiz idi. Cəmi bir saat sonra iki dost qol-boyun olub yenə şəhəri gəzirdik.
Yadındadır, Hadı, sənin anan, nur üzlü pedaqoq Firuzə müəllim məni də özünə oğul bilərdi. Mənim anama zarafatla deyərdi: "Hüseynbalanı sən yox, mən doğmuşam". Biz halal ocaqların çörəyi ilə böyümüşük. Cəmi 12 yaşımız olanda kişi kimi işləyib məktəb ləvazimatlarımızı öz zəhmətimizlə alırdıq. Valideynlərimizdən gizlin loto oynayanda da, idman meydançalarında tər tökəndə də ruhumuz bir idi. Yadındadır, sənin 15 yaşın tamam olanda sizin evdə ilk dəfə "Tri semyorka" çaxırının dadına da baxmışdıq.
İllər keçdi, tale bizi yüksək zirvələrə apardı. Hər ikimiz müxtəlif sahələrdə məsuliyyət tələb edən rəhbər vəzifələrdə çalışdıq. Amma nə vəzifə, nə də məsafə bizim qəlbimizdəki sarsılmaz dostluq tellərini ayırmadı, Hadı. Ölkənin ayrı-ayrı bölgələrində olanda belə - sən Şəkidə birinci katib işləyəndə də, mən Bakıda məsul vəzifələrdə olanda da az qala hər gün bir-birimizdən xəbər tuturduq.
Sən təkcə dostum deyildin, həm də haqqın keşikçisi idin. Xatirimdədir, Dövlət Tərcümə Mərkəzi Ulu Öndər Heydər Əliyev haqqında kitabı ispan dilində çap edəndə texniki bir xəta ucbatından müəllif kimi mənim adım qeyd olunmamışdı, sadəcə, digər həmmüəllifin adı getmişdi. Sən bunu görən zaman sanki özünə qarşı haqsızlıq edilibmiş kimi ayağa qalxdın, dərhal zəng edib iradını bildirdin. İki həftə keçməmiş kitab mənim də adım qeyd olunmaqla yenidən nəşr olundu. Sən belə bir dost idin, özünə əziz bildiyinin haqsızlığa uğramasına, kölgədə qalmasına imkan verməzdin. Qəlbin çox böyük idi sənin, yaman dostcanlı idin. Səninlə söhbətlərimizi, xoş zarafatlarımızı, birgə keçirdiyimiz gözəl günləri minnətdarlıqla xatırlayıram.
Milli Məclisdə 15 il çiyin-çiyinə oturduq. Sən tribunaya çıxanda sanki zaman dayanırdı. O qədər enerjili, o qədər atəşin danışırdın ki, bəzən zamanın necə keçdiyini unudurdun. Sən Azərbaycan parlamentinin ən işgüzar, ən fəal simalarından biri kimi tarixə düşmüsən. Sənin üçün ən böyük orden Ulu Öndərin verdiyi nəsihət idi: "Düz ol, təmiz ol!" Sən bu kəlamı özünə həyat kredosu seçmişdin.
Vəfatından bir neçə gün əvvəl o qədər şən idin ki... "Şənbə günü hamını yığacam, hər şey mənim boynumadır" demişdin. Həmin şənbə, doğrudan da, yığışdıq. Amma onun süfrəsi arxasında deyil, onun xatirəsi ətrafında... İndi də sənin dəyərli ailənlə görüşürük, söhbətləşirik, səni sevgiylə, ehtiramla anırıq. Övladların mənə "sən atamızın yadigarısan" deyir.
2024-cü ilin 17 aprel günü ürəyin dözmədi. Bəlkə də qaçqınların, köçkünlərin illərlə çəkdiyi o ağır dərd-səri öz ürəyindən keçirdiyin üçün könlün yoruldu, sızladı və dayandı.
Amma bir böyük təsəllim var ki, sən 44 günlük Zəfərimizi gördün, qələbə müjdəmizi eşitdin. Ömrünü, enerjini həsr etdiyin məcburi köçkünlərin öz yurduna qayıdışını gördün. Bilirəm ki, bu, sənin üçün ən böyük mükafat idi.
Bu il sənin aramızdan ayrılmağından 2 il ötür. Məzarının üstünə ürəyidolu gəlirəm, Hadı. Elə bil məzar daşından baxan nurlu baxışlarınla soruşursan: "İşlərin necədir, Hüseyn?" Mən isə sənə hesabat verirəm: "Çox çətindir, Hadı. Sənsiz tək qalmışam. Dostlarım çoxdur, Allah canlarını sağ eləsin, amma sənin yerin tamam başqa idi..."
Sən işıqlı adam idin, Hadı. Və o işıq daim bizim qəlbimizi nurlandırır və isidir. Ölüm səni məndən fiziki olaraq ayırsa da, dostluğumuzun sarsılmaz, möhkəm körpüsü hələ də qəlbimdədir, mən hər gün o körpüdən keçib səninlə xəyallarımda görüşürəm. Unudulmaz şair Səməd Vurğunun dediyi kimi:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.…
Ruhun şad olsun, əvəzsiz dostum! Sən cismən indi bizimlə olmasan da, yazdığın-yaşadığın o şərəfli ömür kitabın hələ çox oxunacaq...
Hüseynbala MİRƏLƏMOV,
yazıçı-dramaturq
