Sizin reklam burada
Sizin reklam burada
  • Bakının Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

    FHN-in mətbuat xidmətindən bildirilib ki, obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb, daxili yanğın kranları quraşdırılmayıb. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun deyil, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib. Obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz edilməyib. Həmçinin obyektin daxilində boyama otağı havalandırma sistemi ilə təmin edilməyib və otağın arakəsmə divarları və tavan hissəsi yanar materialla üzlənib. Yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb, təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb. Eyni zamanda, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb. Obyektdə, həmçinin standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan və metal sobadan istifadə olunur. Daxili taxta yonqarlarından isə təmizlənməyib. İşçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb. Bununla yanaşı, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortalanmayıb. Obyektin istismarı isə Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ