Tədbirin moderatoru musiqişünas Vəfa Abbasova olacaq. Konsert proqramına bəstəkarın "La Makam", "Sonuncu Romul", "Axan su", "Sonata-poema" və "Sonaxanım" əsərləri daxildir. Musiqi əsərləri tanınmış solistlər – Humay Qasımzadə (fortepiano), Atabala Manafzadə (fortepiano), Fatimə Nəsirli (skripka), Elşən Məmmədov (qoboy) və Kamil Hüseynzadə (vibrafon) tərəfindən ifa olunacaq.
Aydın Əzimzadə 1964-1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində təhsil alıb (Qara Qarayevin sinfi). 1968-1996-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində çalışıb. 1996-2005-ci illərdə isə Türkiyənin Mersin Universiteti Dövlət Konservatoriyasında dərs deyib və burada bəstəkarlıq kafedrasının əsasını qoyub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Aydın Əzim Dövlət Himnini aranjiman edib. Bəstəkarın yaradıcılığına Nazim Hikmət və Vaqif Səmədoğlunun şeirlərinə yazılmış vokal silsilələr, fortepiano üçün altı prelüdiya, "Həyatın dibində" simfonik lövhələri, "Qətl günü" simfonik poeması, "Ağı" simfonik süitası, operettalar və musiqi tarixinin digər dəyərli əsərləri daxildir. 2005-ci ildən etibarən Aydın Əzim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərir.
"Muzeydə Musiqi Gecələri" layihəsinin əsas məqsədi Azərbaycan bəstəkarlarının konsert-portretlərini təşkil etmək və onların yaradıcılığının özəlliklərini təbliğ etməkdir. Tədbirdə əsas diqqət müəllif musiqisinin təqdimatına yönəldilir.
