Sizin reklam burada
Sizin reklam burada
  • Ordumuz şərəfli missiyasını uğurla yerinə yetirdi


    Həbib Cəfərov, 

    YAP Astara rayon təşkilatının sədri


        Tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 27 sentyabr 2020-ci il tarixindən bizləri 6 illik zaman ayırır. Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsi  ölkəmizin bütün sahələrdə qazandığı imkanların dünyaya təqdimatı oldu. Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri hərbi təxribatlar, itkilərimiz  dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Ordumuz 2016-cı ili Aprel döyüşlərində, 2018-ci ilin “Günnüt” əməliyyatında qarşı tərəfə lazım olan dərsi vermişdi. Lakin  bu dərsləri unudan erməni silahlı qüvvələri  növbəti təxribatı törətdilər. Belə ki, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini  verdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.  Azərbaycanın mədəniyyət paytaxtı olan  Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür.

      Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bizim şanlı Qələbəmiz hər şeyi özü deyir» çağırışı Qələbəyə qədər keçilən yolun, həmçinin postmünaqişə dövründə qarşıda dayanan hədəfləri özündə ehtiva edir. 44 günlük müharibədə  tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə, mütləq Qələbə olmamışdır.

    Vətən müharibəsində Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Azərbaycan Milli Ordusu cəmi 44 gün ərzində ən müasir döyüş silahlarını tətbiq etməklə yüksək peşəkarlıq nümayiş etdirdi. Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı. Dövlətimizin başçısı İlham Əliyevin 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi ilə bağlı imzaladığı Sərəncamda  qeyd edildiyi kimi, torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ