Bəzi insanlar var ki, onların sənəti qədər şəxsiyyəti, səmimiyyəti və insanlara münasibəti də xoş təəssürat yaradır. Brilliant Dadaşova da məhz belə sənətkarlardandır. Onunla hər görüş insanda xoş duyğular və unudulmaz xatirələr yaradır.
Tanınmış sənətkar Brilliant Dadaşova doğum gününü öz evində, yaxın ailə üzvləri və doğmaları ilə birlikdə səmimi və isti ab-havada qeyd edib. Bu gözəl günün sevincini bölüşmək üçün məni də şəxsən özü dəvət etmişdi.
Brilliant xanım məni böyük səmimiyyət və mehribanlıqla qarşıladı. Qonaqları üçün zəngin və bol süfrə açmışdı. Müxtəlif ləziz təamlarla bəzədilən süfrədə ad gününün əsas atributlarından biri olan tort da öz yerini almışdı. Ardınca açılan çay süfrəsi isə məclisə xüsusi bir doğmalıq və istilik qatırdı.
Məclisdə jurnalist kimi iştirak edən mənim üçün bu görüşün özəl və yaddaqalan məqamları çox oldu. Brilliant Dadaşova ilə xatirə şəkilləri çəkdirdik. Ən xoş sürprizlərdən biri isə sənətkarın öz imzası ilə mənə avtoqraf hədiyyə etməsi oldu. Bu avtoqraf mənim üçün sadəcə bir imza deyil, Brilliant xanımla bu səmimi görüşün qiymətli xatirəsidir.
Məclisin səmimi və şən anlarından biri də Brilliant xanımın musiqinin ritminə qoşularaq oynaması oldu. Bu xoş anları birlikdə video çəkərək də yaddaşımıza köçürdük. Səmimi gülüşlər, musiqi və xoş ovqat ad günü məclisinə xüsusi rəng qatdı. Həmin görüntülər bu gözəl günün unudulmaz xatirələri sırasında yer aldı.
Gecənin ən gözəl anlarından biri isə məclisin sonunda Brilliant Dadaşovanın canlı ifası oldu. Onun özünəməxsus, illərdir sevilən səsi ilə canlı mahnı ifa etməsi məclisə xüsusi rəng qatdı. Sənətkarın canlı ifası doğmalarının və qonaqların sevincini daha da artırdı.
Brilliant Dadaşovanın bu gözəl məclisi bir daha göstərdi ki, əsl gözəllik yalnız təmtəraq və dəbdəbədə deyil. Əsl gözəllik insanın ürəyindəki səmimiyyətdə, qonağına göstərdiyi diqqətdə, doğmalarına olan sevgisində və insanlara verdiyi dəyərdədir.
İllərdir Azərbaycan musiqi sənətində özünəməxsus dəsti-xətti ilə seçilən Brilliant Dadaşova bu dəfə də səhnədən kənarda — sadəliyi, mehribanlığı, qonaqpərvərliyi və səmimiyyəti ilə xoş təəssürat yaratdı.
Əziz Brilliant xanım, Sizi ürəkdən doğum gününüz münasibətilə təbrik edirəm! Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, sevgi və yaradıcılıq uğurları arzulayıram. Qoy həyatınız həmişə musiqiniz kimi gözəl, könlünüz qədər işıqlı və sevinc dolu olsun. Sənətinizlə hələ uzun illər insanlara gözəl duyğular bəxş edəsiniz!
Bu gözəl günü mənimlə də bölüşdüyünüz, məni səmimiyyətlə qarşıladığınız, xatirə şəkilləri çəkdirdiyiniz, birlikdə xoş anları videoya aldığımız və öz imzanızla avtoqraf hədiyyə etdiyiniz üçün Sizə ayrıca təşəkkür edirəm. Bu görüş mənim üçün həmişə xoş və dəyərli xatirə olaraq qalacaq.
Aybəniz ABDULOVA,
AJB-nin üzvü, araşdırmaçı jurnalist,
"Mikayılla 5 Gün" verilişinin koordinatoru
