Sizin reklam burada
Sizin reklam burada
  • Bu yanaşma həm ixrac potensialını artıracaq, həm də daxili bazarın idxaldan asılılığını azaldacaq


    "Azərbaycanda qeyri-neft iqtisadiyyatının payını artırmaq və sənaye istehsalını şaxələndirmək istiqamətində növbəti addım atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dağ-mədən və metallurgiya sənayesinin 2027–2030-cu illəri əhatə edən inkişafına dair Dövlət Proqramının hazırlanması ölkənin iqtisadi modelinin dayanıqlılığını artırmağa hesablanıb. Neft hasilatının obyektiv səbəblərdən azalması şəraitində qeyri-neft sənayesinin artım tempini qoruyub saxlamaq dövlətin əsas prioritetlərindən biridir."- Bunu "atributinfo.az"a açıqlamasında 

    Milli Məclisin deputatı Kamal Cəfərov bildirib. 

    Deputat qeyd edib ki, yeni proqram xammal bazasından səmərəli istifadə olunmasını və ölkə daxilində tam emal zəncirinin qurulmasını təmin edəcək:


    “Uzun illər ərzində ərazilərimizin işğal altında qalması Kəlbəcər, Ağdərə və Zəngilanda olan zəngin metal yataqlarının daxili iqtisadiyyata inteqrasiyasına imkan vermirdi. İndi isə həmin bölgələrdə geoloji kəşfiyyat və bərpa işlərinin aparılması ilə zəngin resurslar ölkə dövriyyəsinə qaytarılır. Əsas məqsəd filizin xammal kimi çıxarılması və daxildə emal edilərək son sənaye məhsuluna çevrilməsidir. Bu yanaşma həm ixrac potensialını artıracaq, həm də daxili bazarın idxaldan asılılığını azaldacaq”.


    Deputat əlavə edib ki, proqramın icrası regional məşğulluğun təmin edilməsinə və infrastruktura birbaşa təsir göstərəcək:

    “Qərb bölgəsində sənaye parkının təsis olunması və kəşfiyyat sahəsinin Naxçıvanı da əhatə etməsi dövlətin regional inkişaf xəttinin tərkib hissəsidir. Layihələrin icrası zamanı ekoloji normalara riayət olunması və müasir texnologiyaların tətbiqi əsas şərt kimi müəyyənləşdirilib. Dövlət maliyyəşməsi ilə bərabər özəl və xarici investisiyaların prosesə cəlb edilməsi üçün də açıq mexanizmlər mövcuddur. Nəticədə 5 mindən çox yeni iş yerinin yaradılması, büdcəyə vergi daxilolmalarının artması və illik iqtisadi gəlirliliyin yüksəlməsi gözlənilir”.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ