Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu - yubiley yarışı çərçivəsində autizmli gənclər üçün xüsusi paddok turu təşkil olunub.
Bakı Şəhər Halqasından verilən məlumata görə, sosial inklüzivlik təşəbbüsü çərçivəsində gənclər Formula 1 yarış həftəsinin pərdəarxası ilə tanış olmaq və paddokun atmosferini yaxından yaşamaq imkanı əldə ediblər.
Ziyarət zamanı gənclər Formula 1 komandalarının fəaliyyət göstərdiyi ərazilərə baş çəkib, yarış həftəsinin hazırlıq prosesini izləyib və komandaların Qran-Prinin əsas gününə hazırlıqlarını yerindəcə görüblər.
“Birgə və Sağlam” İctimai Birliyinin koordinatoru bu gözəl fürsət üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə təşəkkürünü bildirib: “Gənclərin Formula 1 yarışını yaxından görməsi, paddokda vaxt keçirməsi və bu xüsusi atmosferi yaşaması onlar üçün çox maraqlı və yaddaqalan oldu. Belə imkanların yaradılması bizim üçün çox dəyərlidir”.
Təşəbbüs Formula 1-in sosial məsuliyyət proqramları çərçivəsində həyata keçirilən ənənəvi fəaliyyətlər sırasındadır.
