Haqqında söz açacağım çağdaş dövrümüzün alicənab şəxsiyyətlərindən biri, insanlıgın ali məqamına nəcib əməlləri, saf, dumduru qəlbi, daşsız-kəsəksiz geniş ürəyi ilə ucalan Ağahəsən Rəsul oğlu Rəsulov məhz bu qəbil insanlardandı. Hər dəfə İlahinin bu nadir tapıntısı haqqında yazmağa başlayanda, vücudum silkələnir, ürəyim bütün ixtiyarımı əlimdən, dilimdən alaraq masa arxasına özü keçir sanki. Bəli, uzun illərdir ki, tanıdığım və tanıdığıma görə böyük Yaradana sonsuz şükürlər etdiyim Həsən müəllim barəsində hər dəfə söz açarkən əlimlə deyil, ürəyimlə yazıram sətirləri, kəlmələri. Həsən müəllim bu günədək tanıdığım, qəlbimə iri hərflərlə dost bilib yazdığım və bu dostluğa layiq olan insanların ən nümunəvisi, ən unudulmazıdır.
Mən onu düz 18 il əvvəl Bakının Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstaxanası Publik Hüquqi Şəxsin baş direktoru ( o vaxtkı 1 saylı Respublika Psixiatriya Xəstaxanasının baş həkimi-red.) kimi yeni vəzifəyə təyin olunan vaxtlardan tanımışam. Bu tanışlıq onun sözügedən tibb müəssisəsində göstərdiyi rəhbər fəaliyyəti dövründə necə deyərlər, sıfırdan ayağa qaldırması ilə boy atıb, yaşa dolub...
Bu yerlərə azından bir dəfə yolu düşən, bələd olan hər kəsə gün kimi aydındır ki, "Maştağa dəlixanası" adı ilə tanınan xəstəxanada sözün əsl mənasında cəhənnəmi xatırladan cəhalət, çaqqal-tülkü yuvasına çevrilən kol-kosluq, qamışlıq, bataqlıq, illərlə yğılıb qalan və nəticədə müxtəlif xəstəliklər törədən, üfunət qoxuyan qrunt suları, susuzluqdan cadar-cadar olmuş torpaq qatları, divarları aşınıb tökülən, uçüq-sökük, zirzəmi halında olan köhnə tikililər və sadalamaqla bitib-tükənməyən ürək bulandıran mənzərə hökm sürürdü. Ən əsası xəstəxana dağınıq, pərakəndə halında olan kollektivlə günü-gündən uçuruma yuvarlanırdı.
Elə ilk gündən, necə deyərlər, "qolunu çırmayıb" işə başlayan Ağahəsən Rəsulov əvvəlcə islahatı özbaşına, xəstə kollektivdən başladı və qısa müddətə sağlam, inzibati mühit yaradaraq istəyinə nail oldu. Onun yorulmaz fəaliyyəti nəticəsində yuxarıda sadaladığım ürəkbuandıran mənzərədən illər keçdikcə əsər-əlamət qalmadı; sadə dildə desəm, cəhənnəm cənnətə çevrildi...
Həsən müəllim işdə heç zaman arxayınçılıq etməyib, durmadan çalısıb, fəaliyyətinin qızıl fonduna çevirib bugünkü Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsi. Hətta, beynəlxalq konfranslara, xarici səfərlərə dəvət alanda belə, o, özü ilə buraya müasir psixiatrik və təbii müalicə metodları, yeni-yeni təcrübə gətirib. Elə həyətyanı sahəni də bu minvalla son dərəcə zəngin ekoloji məkana çevirib. 25 hektarlıq sahəyə ötən dövr ərzində 27 min ədəddən cox müxtəlif növ ağac əkdirib ki, bunların da əksəriyyəti mövsümi üzrə meyvə ağaclarıdır. Meyvə ağacları ilə yanaşı o, burada zövq oxşayan güllərdən, çiçəklərdən laləzar mənzərə yaradıb.
Həsən müəllimin ruhi-əsəb xəstələrinin müalicəsi məqsədilə yaratdığı saysız dərnəklər, həyətyanı sahədə yaratdıgı içərisində müxtəlif növ balıqlar olan iki iri hovuz xüsusilə diqqət çəkir və bu ruhi-əsəb xəstələrinin təbii muüalicəsində önəmli rol oynayır.
Divarları uçulub-tölkülən tikililərdən isə indi burada əsər-əlamət qalmayıb. Təmir-bərpa işləri ilə yanaşı, yeni inşa olunan müalicə korpusları və iri tutumlu yeməkxana-mətbəx xəstələrin tam ixtiyaındadı. Sadalananlar barəsində başçılıq etdiyim "atribut" qəzeti və "atributinfo.az" saytında mütəmadi olaraq söz.açsam da, hər dəfə əlimə qələm alanda yeni-yeni nailiyyətlərlə üzləşmisəm bu tibb müəssisəsində.
Həsən müəllim Vətənini, dövlətini, dövlət rəhbərini qəlbən sevən və bu sevgini əməli şəkildə sübut edən vətənpərvər, təəssübkeş, qayğıkeş insan, layiqli rəhbərdi. Elə 44 günlük Vətən müharibəsindən yaralanan qazilərə göstərdiyi diqqət və qayğı, tətbiq etdiyi yüksək müalicə metodları, onları narahat digər məsələlərə həssas yanaşması, əsl insanlıq nümunəsi göstərməsi bunun əyani sübutudur.
Bütün bunların fonunda sonda dəyərli oxucuların və izləyicilərin diqqətinə çatdırmaq istərdim ki, Əməkdar həkim Ağahəsən Rəsul oğlu Rəsulovdan sonra bu səhiyyə ocağına kimlərin rəhbər olaraq gəlib gedəcəyindən asılı olmayaraq unutmamalıdırlar ki, Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxs Həsən müəllimin şah əsəridir. Elə bu yerdəcə akademik Xudu Məmmədovun məşhur bayatısı yada düşür:
Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Saflıq-dürüstlük, insanıq-xeyirxahlıq nümunəsi, əbədi dostum Ağahəsən Rəsulovun həyat və fəaliyyəti barəsində düşüncələrim bununla sona yetmir. Bu hələ başlanğıcdı dostlar! Növbəti yazıda görüşənədək.
Bəradər Səməndərli
"Atribut" qəzeti və "atributinfo.az" saytının baş yazarı
