Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Quliyevin təşəbbüsü ilə görkəmli idman ustadı Mir-Əli Seyidovun irsi Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub


    Azərbaycan karate və ciu-citsu məktəbinin formalaşmasında müstəsna xidmətləri olan Mir-Əli Seyidovun zəngin idman irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində əlamətdar tədbir keçirilib.


    Görkəmli idman xadimi, Azərbaycan karate məktəbinin banilərindən biri, ölkəmizdə ciu-citsu idman növünün əsasını qoymuş Mir-Əli Seyidovun həyat və fəaliyyətini əks etdirən materialların Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunması mərasimi keçirilib.


    "Atributinfo.az" xəbər verir ki, tədbir Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin rəhbərliyi və iştirakı ilə reallaşıb. Mərasimdə Mir-Əli Seyidovun Azərbaycan idmanının inkişafındakı xidmətləri, milli döyüş sənətləri məktəbinin formalaşmasına verdiyi töhfələr və yetişdirdiyi idmançı nəslinin ölkəmizin idman tarixindəki yeri xüsusi vurğulanıb.

    Qeyd olunub ki, Mir-Əli Seyidov təkcə peşəkar idmançı və mahir məşqçi deyil, həm də Azərbaycanda döyüş sənətlərinin inkişafına yeni istiqamət verən, öz məktəbini yaradan və bu sahədə mühüm ənənələrin formalaşmasına nail olan görkəmli şəxsiyyətlərdən biri olub. Onun ölkəmizdə karate hərəkatının inkişafındakı xidmətləri ilə yanaşı, Azərbaycan Ciu-Citsu Federasiyasını yaratması və ona rəhbərlik etməsi də idman tariximizin əlamətdar səhifələrindəndir.

    Mərasim çərçivəsində ustadın şəxsi həyatına, idman fəaliyyətinə və çoxşaxəli xidmətlərinə dair müxtəlif eksponatlar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib. Bu materialların muzey fondlarında qorunması yalnız bir idman xadiminin xatirəsinin əbədiləşdirilməsi deyil, həm də Azərbaycan idman tarixinin mühüm bir mərhələsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

    Ülvi Quliyevin rəhbərlik etdiyi Azərbaycan Karate Federasiyasının bu istiqamətdəki fəaliyyəti milli idman irsinə, onun yaradıcılarına və inkişafına ömür sərf etmiş şəxsiyyətlərə göstərilən ehtiramın nümunəsi kimi dəyərləndirilə bilər. Çünki idmanın inkişafı yalnız yeni nailiyyətlərin əldə olunması, yarışlarda qələbələrin qazanılması ilə ölçülmür. Bu inkişafın arxasında dayanan insanların əməyinin tanıdılması, onların yaratdığı məktəblərin və ənənələrin yaşadılması da mühüm mənəvi və ictimai məsuliyyətdir.

    Mir-Əli Seyidovun irsinin Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunması bu baxımdan simvolik məna daşıyır. Bu addım göstərir ki, Azərbaycan idmanının tarixi yalnız rekordlar və medallarla deyil, həmin uğurların təməlini qoyan şəxsiyyətlərin həyat yolu, zəhməti və mənəvi mirası ilə də zəngindir.

    Görkəmli ustad Mir-Əli Seyidovun əziz xatirəsi Azərbaycan idman tarixində daim yaşayacaq.

    Allah rəhmət eləsin!


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ