Duz qəbulunun azaldılması xroniki böyrək xəstəliyinin müalicəsində istifadə olunan bəzi dərmanların effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Bu nəticə Edinburq Universitetinin tədqiqatçılarının apardıqları araşdırma zamanı üzə çıxıb.
Tədqiqat göstərib ki, gündəlik duz qəbulunun tövsiyə olunan səviyyəyə – 6 qramdan aşağıya endirilməsi sidikdə yüksək miqdarda zülal aşkarlanan xroniki böyrək xəstəliyi olan şəxslərdə dərmanların qoruyucu təsirini gücləndirir.
Araşdırmada 12 nəfər iştirak edib. Onlar 14 gün ərzində gündə təxminən 13,3 qram duz qəbul etdikləri adi qidalanma rejiminə, daha sonra isə gündəlik duz miqdarının 6,3 qrama endirildiyi pəhrizə əməl ediblər. Hər iki dövrdə iştirakçılara endotelin-A reseptorlarını bloklayan BQ123 preparatı və ya plasebo verilib.
Müəyyən edilib ki, dərman hər iki qidalanma rejimində qan təzyiqini aşağı salıb və qan damarlarının fəaliyyətini yaxşılaşdırıb. Lakin böyrəklərin filtrasiya vahidlərində təzyiqin azalması və sidiklə zülal itkisini məhdudlaşdıran təsir yalnız az duzlu pəhriz zamanı müşahidə olunub.
Tədqiqatçılar, həmçinin duz qəbulunun azaldılması zamanı böyrəklərin filtrasiya sürətində ilkin azalma qeydə alıblar. Bunun böyrək zədələnməsinin göstəricisi olmadığını bildirən mütəxəssislər dəyişikliklərin böyrəklərin filtrasiya sistemində təzyiqin azalması ilə əlaqəli ola biləcəyini qeyd ediblər.
Qeyd edək ki, xroniki böyrək xəstəliyi dünyada hər 10 nəfərdən birinə təsir edir. Xəstəlik irəlilədikcə böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riski artır. Sidikdə zülalın normadan artıq olması isə böyrəyin zədələnməsinin əsas göstəricilərindən biri hesab edilir.
Araşdırmanın müəllifləri hesab edirlər ki, duz qəbulunun azaldılması endotelin reseptor antaqonistləri ilə müalicənin effektivliyini artıran mühüm amil ola bilər. Bununla belə, əldə edilən nəticələrin uzunmüddətli böyrək sağlamlığına təsirini və gündəlik praktikada istifadə olunan oral dərmanlara da şamil edilib-edilmədiyini müəyyənləşdirmək üçün daha geniş tədqiqatlara ehtiyac var.
Edinburq Universitetinin Neyrologiya və Ürək-Damar Elmləri İnstitutunun klinik tədqiqatçısı, doktor Dan Pugh bildirib ki, bu dərman qrupunun böyrəklərə tam qoruyucu təsiri yalnız iştirakçılar az duzlu pəhriz saxladıqda üzə çıxıb. Onun sözlərinə görə, nəticələr insanların qidalanma vərdişlərinin tətbiq olunan müalicənin effektivliyinə əhəmiyyətli təsir göstərə biləcəyini nümayiş etdirir.
