Sizin reklam burada
Sizin reklam burada
  • Dadaş Məmmədov: İncəsənət xalqlar arasında mədəni dialoqun möhkəmlənməsinə kömək edir


    “America-250” layihəsi incəsənət vasitəsilə ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü tədbirlərinə qatılmaq üçün yaxşı fürsət oldu. Bu cür təşəbbüslər “Arts Council Azerbaijan” üçün xüsusi əhəmiyyətə malikdir. Biz incəsənətə təkcə yaradıcılıq vasitəsilə özünüifadə forması deyil, həm də mədəni diplomatiyanın təsiredici aləti kimi baxırıq.

    Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov bildirib.

    Onun sözlərinə görə, müxtəlif ölkələrin səfirlikləri ilə əməkdaşlıq təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir. Uzun illərdir ki, “Arts Council Azerbaijan” Azərbaycan rəssamlarının digər ölkələrin tarixinə, mədəniyyətinə və adət-ənənələrinə müraciət etdikləri layihələr həyata keçirir və bu mövzulara öz bədii şərhlərini təqdim edir.

    D.Məmmədov qeyd edib: “Əslində, diplomatik nümayəndəliklər üçün tamhüquqlu yaradıcı platforma və mədəni resurs yaradırıq, rəssamları, diplomatları və geniş ictimaiyyəti bir araya gətiririk. Bu təşəbbüslərə incəsənət seminarları, sərgilər, konsertlər və digər mədəni tədbirlər daxildir”.

    O vurğulayıb ki, bu cür platformalar rəssamlar üçün çox vacibdir, çünki onlara adi yaradıcı mühitlərinin hüdudlarından kənara çıxmağa, yeni mövzuları araşdırmağa, başqa mədəniyyətlə ünsiyyət qurmağa və əsərlərini yeni auditoriyaya təqdim etməyə imkan verir: “Bir rəssam başqa ölkənin tarixi və mədəniyyətinə müraciət etdikdə, labüd olaraq bu mövzunu öz qavrayışları, milli kimliyi və bədii dili vasitəsilə süzgəcdən keçirir. Nəticədə mədəniyyətlər arasında maraqlı dialoq yaranır”.

    “America-250” layihəsinə 15-dən çox Azərbaycan rəssamı qatılıb. Onların hər biri Amerikanın tarixi və mədəniyyəti haqqında öz baxışlarını təqdim edib.

    D.Məmmədov əlavə edib: “Rəssamların beynəlxalq mədəni dialoqda fəal iştirakçılara çevrilməsi bizim üçün vacibdir, onlar sadəcə dünyada baş verən mədəni proseslərin müşahidəçisi deyillər”.

    Bu cür tədbirlərin geniş auditoriya üçün əhəmiyyətindən və insanların başqa xalqların tarixinə və mədəniyyətinə yeni baxış bucağı ilə baxmasına necə kömək etməsindən danışan agentliyin həmsöhbəti qeyd edib ki, incəsənət dil və mədəni maneələri aşaraq bir ölkə, onun tarixi və sakinləri haqqında hekayələr danışmaq gücünə malikdir. Bəzən tək bir rəsm əsəri uzun mühazirədən və ya tarixi mətndən daha çox emosiya və məna ifadə edə bilər.

    “Belə tədbirlər sənətsevərlərə yerli rəssamların əsərləri vasitəsilə başqa bir ölkəni kəşf etməyə, onu fərqli mədəniyyət nümayəndələrinin gözü ilə görməyə və xalqlarımız arasında ortaq məxrəc tapmağa imkan verir”, - deyə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri sözlərini yekunlaşdırıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ