Sizin reklam burada
Sizin reklam burada
  • Silahla qorunan Vətən, sözlə ucalan ruh - Baba Tofiqin poeziya dünyası

       İnsan ömrü bəzən ilk baxışdan bir-birinə zidd görünən iki fərqli qütb arasında qərar tutur: biri sərt nizam-intizam, polad iradə və fədakarlıq tələb edən hərb sənəti, digəri isə incə duyğular, ana laylası və sözün sehri ilə yoğrulan poeziya dünyası. Lakin həyat sübut edir ki, Vətəni təmənnasız sevən ürəkdə bu iki məfhum heç vaxt toqquşmur; əksinə, biri digərini tamamlayaraq bütöv bir şəxsiyyət formalaşdırır. Biri Vətənin sərhədlərini, digəri isə onun mənəvi dəyərlərini qoruyur. Beyləqan torpağının yetirməsi, ömrünün ən məhsuldar illərini hərbi xidmətə həsr etmiş Tofiq İbad oğlu Quliyev (Baba Tofiq) məhz belə nadir şəxsiyyətlərdəndir.

       1957-ci ildə Beyləqan rayonunun 2-ci Aşıqlı kəndində dünyaya göz açan Tofiq Quliyevin uşaqlıq və ilk gənclik illəri doğma yurdun bərəkətli torpağı, el-obanın saflığı və zəngin söz-söhbət mühiti içində keçib. 1965-ci ildə 2-ci Aşıqlı kənd səkkizillik məktəbində təhsilə başlayan balaca Tofiq, 1973-cü ildə buranı bitirərək orta təhsilini qonşu Eyvazallar kənd məktəbində tamamlayır. Hələ məktəb partası arxasında əyləşdiyi o illərdə ədəbiyyata olan marağı onu fərqləndirir, qəlbində sözə, şeirə böyük bir sevgi cücərirdi.

       Gənclik arzularının ardınca paytaxta üz tutan Tofiq Quliyev 1975-ci ildə Bakı Plan-Uçot Texnikumuna daxil olur. Lakin Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirmək üçün təhsilinə fasilə verir. 1976–1978-ci illərdə həqiqi hərbi xidmətini şərəflə başa vurduqdan sonra təhsilini davam etdirir və 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirir. Elə həmin il onun taleyini həmişəlik hərb sənətinə bağlayan mühüm dönüş nöqtəsi baş verir: o, Bakının Bayıl qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmətə başlayır.

       Hərb sənətinin sirlərinə dərindən yiyələnmək üçün Tofiq Quliyev keçmiş ittifaqın müxtəlif strateji nöqtələrində təhsilini və xidmətini davam etdirir. 1980-ci ildə Rusiyanın Sevastopol şəhərində 6 aylıq, daha sonra isə Qorki (indiki Nijni Novqorod) şəhərində 3 aylıq xüsusi hərbi kursları uğurla başa vuraraq Bakıya qayıdır və mayor vəzifəsində məsuliyyətli işini davam etdirir. 1982-ci ildə o, Türkmənistan Respublikasına göndərilir. Burada taleyin maraqlı bir gərdişi ilə sonralar çeçen xalqının əfsanəvi liderinə çevriləcək Cövhər Dudayevin komandir olduğu hərbi hissədə komandir müavini vəzifəsində çalışır. 1986–1988-ci illərdə isə bir neçə dəfə od-alovun içərisinə — Əfqanıstanın Kandaqar şəhərindəki hərbi hissəyə ezam olunur.

    Lakin əsl sınaq hələ qarşıda idi. Doğma Azərbaycanın dar günündə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Vətənə qayıdan Tofiq Quliyev Səngəçaldakı hərbi hissədə xidmətə başlayır. O, Qarabağ müharibəsinin ən qaynar nöqtələrində — Füzuli, Beyləqan, Tərtər, Tovuz, Qazax və Gədəbəy istiqamətlərində gedən ağır döyüşlərdə Vətən torpağının müdafiəsinə qalxır. 2000-ci ildə şərəfli hərbi qulluğunu başa vuraraq təqaüdə çıxan zabit bu gün öz həyatını bütünlüklə yaradıcılığa həsr edib.

      Bu gün "Qoşma" və "Mücirəddin Beyləqani" ədəbi məclislərinin fəal üzvü olan Tofiq Quliyevin poeziyası onun həyat yolu kimi səmimi, köklü və təbiidir. Şairin yaradıcılığında doğma kəndinə, el-obasına və mənəvi dəyərlərinə bağlılıq xüsusi yer tutur. Onun "Azan səsi" şeiri təkcə bir kəndin tərifi deyil, həm də şəhidlərin ruhuna ehtiram və haqq yoluna çağırışdır:

    Mənim sərvətimdir, həm də ki varım,

    Aşıqlı kəndidir doğma diyarım.

    Vardır bu kəndimdə ölməz şəhidlər,

    Vahid, Əsəd kimi ağır seyidlər

    **

    Yaşayıblar mənim doğma kəndimdə,

    Onlara bağlıdır iman-dinim də.

    Var azan səsində böyük bir hikmət,

    Deyir: yolunuzdur haqq və ədalət...

       Lakin Tofiq Quliyev doğma kəndini təkcə romantik duyğularla sevmir, həm də onun bu günü və sabahı üçün narahatlıq keçirən əsl vətəndaş şairdir. Kəndin sərt qışına, odun-ocaq qayğısına, çölün yovşanına sinə gərib ata-baba yurdunu tərk etməyənləri o, əsl qəhrəman sayır ("Kəndində yaşayana mərd deyirəm mən"):

    Qışa odun topla, yem yığ heyvana,

    Çırağa neft, xəmirə duz-yağ bir yana,

    Dəni üyüt, qar da çıxacaq eyvana,

    Hər il keçən qışa sərt deyirəm mən,

    Kəndində yaşayana mərd deyirəm mən.

    Bunun əksinə olaraq, doğulub boya-başa çatdığı torpağa arxa çevirənlərə, yurdunu unudanlara qarşı şairin qələmi sərt bir qılınca çevrilir. "Kəndindən uzaqlaşıb kəndini yada salmayanlara" ünvanladığı misralar dərin ictimai qınaq və ibrət dərsidir:

     Özünü aldadan yalan kimisən,

    Uçulub-sökülən dalan kimisən,

    İndi kənddə yad bir adam kimisən,

    Baba Tofiq, kəndə doğma kimisən,

    Əbədi olacaq doğmalığında.

       Hərb meydanlarının sərtliyini görmüş şairin qəlbində uşaqlıq illərinin saf xatirələri və ana məhəbbəti də xüsusi həssaslıqla yaşayır. Eloğlusu şair Bayram Aşıqlıya ithaf etdiyi "Olaydı" şeirində oxucunu kərə yağına batan isti lavaşın, qonşu bağından yığılan üzümün və qayğısız uşaqlıq çağlarının işıqlı dünyasına aparır:

    Ucları batardı kərə yağına,

    Babam tumar çəkər şəvə bığına.

    Biz də oğurluğa qonşu bağına —

    Bir torba yığdığım üzüm olaydı.

    **

    Xoşbəxt uşaqlardıq biz hər birimiz,

    Görən niyə yoxdu heç dərd-sərimiz?

    **

    Uşaqlıq havası başqa havadı,

    Qoyub gəldiklərim eldi, obadı.

    O balaca Tofiq indi babadı,

    Qayıdıb bir daha özüm olaydı.

       Bütün analara ithaf etdiyi "Şirin əllər" və dramatik gecə lövhəsini canlandıran "Etüd" şeirlərində isə şair ana qəlbinin böyüklüyünü, övlad sevgisinin müqəddəsliyini incə bir lirizmlə tərənnüm edir. O, zəhmətkeş ana əllərinin istisini və laylaların ruh oxşayan sehrini misralara elə ustalıqla köçürür ki, oxucu bu sətirlərdə öz anasının nəfəsini hiss edir:

    Ana varım-yoxumdur,

    Laylaları yuxumdur.

    Saçıma əl toxundu –

    Əllərin nə şirindir!

    **

    Nur saçandır gözlərin, 

    Baldan şirin sözlərin,

    Öpdüm qabar əllərin,

    Əllərin nə şirindir!

       Eyni zamanda, Tofiq Quliyevin yaradıcılığı mövzu və forma baxımından olduqca çoxşaxəlidir. Şair həm ənənəvi poeziya qəliblərinə, həm də dərin insan psixologiyasına məharətlə müraciət edir. Onun "Gözəl" rədifli şeiri klassik aşıq ədəbiyyatımızın zərif ənənələrini, el-oba gözəllərinin tərənnümünü yaşadırsa, "Mənsiz" şeiri dərin fəlsəfi-psixoloji duyğuların, ömür yolundakı sınaqların və ayrılıq məqamının bədii ifadəsidir. Bu misralarda şair insanı öz vicdanı ilə üz-üzə qoyur, həyatın faniliyi fonunda əsl dəyərin zamanla üzə çıxdığını xatırladır:

    Çaylardakı daş deyilsən,

    Yanaqdakı yaş deyilsən,

    Ayparasan, qaş deyilsən,

    Sən qiymət ver mənə mənsiz.

    **

    Düyün düşsə bir düyünçə, 

    Həyat yumaq, ömür düyçə.

    Baba Tofiq də gedincə

    Günahımı bircə-bircə

    Sana mənsiz, sana mənsiz.

       Şair üçün söz sadəcə qafiyəli misralar toplusu deyil, həyat kredosu, ümid yeri və mənəvi məlhəmdir. O, sözə əsl zabit məsuliyyəti ilə yanaşır: gərəksiz, vəfasız, dirəksiz sözü qəbul etmir. Onun "Sözə" şeiri hər bir qələm sahibi üçün bir ədəbi vəsiyyətdir:

    Şeirim mənim üçün ümid yeridir,

    Min sevinc gətirir, kədər əridir.

    Tofiq, qələm çalma qaydasız sözə,

    Zaman ayırmadın faydasız sözə.

        Bu gün Tofiq Quliyev həm Vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş müharibə iştirakçısı, həm də sözün qədrini bilən, oxucusuna yalnız haqqı, ədaləti və yurd sevgisini aşılayan bir şair kimi örnək ömür yaşayır. Onun həyat yolu göstərir ki, Vətən təkcə səngərdə silahla deyil, həm də sülh günlərində saf, mənalı və "qaydalı" sözlə qorunur. 


    Hüseyn İsaoğlu,

     yazıçı - publisist, 

    AYB  və AJB -  üzvü



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ