Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
"Atributinfo.az" xəbər verir ki, müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsini konseptual baxımdan dəstəklədiyini bildirib, sənədin vətəndaşların mülkiyyət hüquqlarının qorunması, uzun illərdir mövcud olan hüquqi problemlərin həlli və sosial ədalət prinsipinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən torpaq islahatı Azərbaycanda xüsusi mülkiyyət münasibətlərinin formalaşmasında, regionların sosial-iqtisadi inkişafında və əhalinin rifahının yüksəldilməsində mühüm tarixi rol oynayıb. Bununla belə, sonrakı illərdə torpaq sahələrinin sənədləşdirilməsi mexanizmlərində baş verən dəyişikliklər müəyyən hüquqi uyğunsuzluqlar yaradıb və bir sıra vətəndaşların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını çətinləşdirib.
Müşfiq Məmmədli qeyd edib ki, 2006-cı il iyulun 6-dək vətəndaşlara həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr verildiyi halda, həmin tarixdən sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən əsasən torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunub. Bu fərqli sənədləşdirmə mexanizmi eyni hüquqi əsaslarla torpaq əldə etmiş vətəndaşların fərqli hüquqi vəziyyətə düşməsinə səbəb olub.
Deputatın sözlərinə görə, oxşar çətinliklər 2006–2015-ci illərdə bələdiyyələr tərəfindən ayrılmış və plan-ölçü sənədləri tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də müşahidə olunub. Beləliklə, bəzi vətəndaşlar əllərində rəsmi dövlət qurumları tərəfindən verilmiş sənədlər olmasına baxmayaraq, mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanından kənarda qalıblar.
Çıxışında qanun layihəsinin əhəmiyyətini üç əsas istiqamət üzrə dəyərləndirən Müşfiq Məmmədli ilk növbədə sosial ədalətin və hüquqi bərabərliyin təmin edilməsini önə çəkib. O bildirib ki, dövlət orqanlarının sənədləşdirmə mexanizmlərindəki dəyişikliklərin mənfi nəticələri vətəndaşların üzərinə qoyulmamalı, eyni hüquqi əsaslarla torpaq əldə etmiş şəxslərin mülkiyyət hüquqlarının təmin olunmasında yaranmış fərqlər aradan qaldırılmalıdır.
Deputat ikinci mühüm istiqamət kimi mülkiyyət hüquqlarının iqtisadi dövriyyəyə inteqrasiyasını qeyd edib. Bildirib ki, torpaq sahəsinin dövlət qeydiyyatına alınması vətəndaşa yalnız çıxarış əldə etmək imkanı vermir, eyni zamanda həmin əmlak üzərində sərəncam vermək, onu satmaq, bağışlamaq, vərəsəlik qaydasında ötürmək və qanunvericiliyin tələblərinə uyğun olaraq girov predmeti kimi istifadə etmək imkanlarını genişləndirir.
Onun fikrincə, bu imkanların genişlənməsi ailələrin iqtisadi potensialının artmasına, daşınmaz əmlak bazarında şəffaflığın güclənməsinə və regionlarda iqtisadi fəallığın yüksəlməsinə müsbət təsir göstərə bilər.
Müşfiq Məmmədli vətəndaş-dövlət münasibətlərində etimadın möhkəmləndirilməsini də qanun layihəsinin mühüm nəticələrindən biri kimi səciyyələndirib. O vurğulayıb ki, deputatların regionlarda keçirdikləri görüşlər zamanı daşınmaz əmlakın sənədləşdirilməsi məsələsi vətəndaşların ən çox müraciət etdiyi problemlərdən biri kimi diqqət çəkir. Bu baxımdan, təklif olunan dəyişikliklər uzun illərdir həyətyanı torpaq sahələrindən istifadə edən, lakin mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməyən kənd və qəsəbə sakinləri üçün xüsusi əhəmiyyət daşıyır.
Deputat qanunun tətbiqi prosesində bir sıra praktiki məsələlərin də nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, qeydiyyat prosedurları sadə, şəffaf və vətəndaşlar üçün əlçatan olmalı, arxiv sənədlərindən və elektron informasiya sistemlərindən səmərəli istifadə edilməli, əlavə bürokratik maneələrin yaranmasına yol verilməməlidir. Eyni zamanda, vətəndaşların hansı sənədlərlə və hansı qaydada müraciət edə biləcəkləri barədə geniş maarifləndirmə işinin aparılması zəruridir.
Çıxışının sonunda Müşfiq Məmmədli qanun layihəsinin mahiyyətinə toxunaraq bildirib ki, burada söhbət yeni mülkiyyət hüquqlarının yaradılmasından deyil, əvvəllər qanuni əsaslarla əldə edilmiş hüquqların rəsmiləşdirilməsi üçün hüquqi imkanların genişləndirilməsindən gedir.
Deputat bu təşəbbüsü Prezident İlham Əliyevin həyata keçirdiyi vətəndaş mərkəzli dövlət siyasətinin, mülkiyyət hüquqlarının qorunmasına və insanların sosial rifahının yüksəldilməsinə xidmət edən islahatların məntiqi davamı kimi qiymətləndirib.
Müşfiq Məmmədlinin parlament tribunasından səsləndirdiyi fikirlər göstərir ki, torpaq sahələrinin hüquqi statusunun dəqiqləşdirilməsi təkcə daşınmaz əmlak məsələsi deyil, həm də vətəndaşın dövlətə inamının, iqtisadi təhlükəsizliyinin və sosial ədalətə olan gözləntilərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təklif olunan dəyişikliklərin düzgün və şəffaf icrası minlərlə ailənin illərdir gözlədiyi hüquqi problemin həllinə real töhfə verə bilər.
Bəradər Səməndərli
"Atributinfo.az"
